Valensiya testləri – 01-03 fevral

03 FEVRAL Günəşli. Quru. Havanın temperaturu +6-13C, trasın temperaturu +7-18C Valensiya testlərinin hər üç günü protokollarda ilk iki sətir dəyişməz […]
03 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +6-13C, trasın temperaturu +7-18C

Valensiya testlərinin hər üç günü protokollarda ilk iki sətir dəyişməz qaıb – bu sətirləri yalnız Ferrari motorları daşıyan Ferrari və BMW Sauber maşınları tutub. Yalnız adlar dəyişib, yerlər isə dəyişməz qalıb. Bu gün protokollara Fernando Alonso başçılıq edib – yerli sürücü rəsmən Ferrari-nin sükanı arxasında debüt edib.

Bu gün trasda üç yerli sürücü çalışdığı üçün tribunalara 36 mindən çox tamaşaçı toplaşıb – heç bəzi yarışlara bu qədər tamaşaçı toplamaq olmur. Amma azarkeşlər əsasən Alonsonun debütünü görməyə çəlmişdilər. İkiqat dünya çempionu Felipenin başladığı işi davam etdirib, maşının işini və təkərlərin effektliyini müxtəlif yanacaq miqdarı ilə qiymətləndirib, günün ən böyük məsafəsini qət edib və üçgünlüyün ən yaxşı nəticəsinə imza atıb.

val-03-pedro
Digər milli sürücü günü ikinci yerdə başa vurub, amma sessiyanın ilk dəqiqələrində Pedro de la Rosa Williams-ın debütantı Niko Hülkenberqlə toqquşub, mexaniklər maşını bərpa etdikdən sonra Pedro trasa qayıdıb və komandanın proqramını tam başa vurub – üç gün ərzində komanda 1001 km məsafə qət edib…

val-03-shum
Mixael Şumaher ilk dəfə Mercedes GP-nin sükanı arxasında bütün günü işləyib, amma sessiyanın sonuna bir saat qalmış hidravlik problemlər üzündən testləri yarımçıq dayandırmalı olub. Ən sürətli dövrəsində yeddiqat dünya çempionu Fernandoya təxminən bir saniyə uduzub…

Bu gün trasa çıxmış üçüncü ispaniyalı sürücü Xayme Algersuari də həmyerlilərini sevindirib və protokollarda dördüncü sətri tutub. Bu gün testlərdə üç ispaniyalı sürücü ilə yanaşı üç dünya çempionu çalışıb, onlardan üçüncüsü – sonuncu dünya çempionu Censon Batton rəsmən McLaren-in sükanı arxasında debüt edib, amma onun debütü o qədər də yaddaqalan olmayıb və britaniyalı sürücü yalnız beşinci yeri tutub.

Protokollarda son sətirləri keçən il GP2 seriyasında mübarizə aparan, amma bu il Formula1-də debüt edən iki sürücü tutub – bu dəfə Vitaliy Petrov Niko Hülkenberqi qabaqlaya bilib. Amma, ümumiyyətlə, nə Renault, nə də Willimas ilk testlərdə xoş təəssürat bağışlamayıb…

Beləliklə, testlər başa çatıb, komandalar düz bir həftədən sonra Xeresdə görüşəcəklər – trasda biz daha üç (bəlkə də dörd) yeni maşın görəcəyik…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:11.470 127
02 P. de la Rosa BMW Sauber Ferrari 1:12.091 + 0:00.621 80
03 M.Şumaher Mercedes GP Mercedes 1:12.438 + 0:00.968 82
04 X.Algersuari Toro Rosso Ferrari 1:12.576 + 0:01.106 97
05 C.Batton McLaren Mercedes 1:12.951 + 0:01.481 82
06 V.Petrov Renault Renault 1:13.097 + 0:01.627 75
07 N.Hülkenberq Williams Cosworth 1:13.669 + 0:02.199 126
02 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +5-15C, trasın temperaturu +6-18C

Bu gün yerli vaxtla səhər saat 10:00-da Valensiyada Rikardo Tormo adına avtodromda mövsümöncəsi testlərin ilk seriyasının ikinci günü start alıb. Hava günəşli olsa da, çox soyuq olub. Dünənki günlə müqayisədə trasın xarakteristikaları yaxşılaşıb, asfalt işlənmiş rezinlə örtülüb və göstəricilər yüksəlib…

val-02-mas
Dünən olduğu kimi protokollara Felipe Massa başçılıq edib. Braziliyalı sürücü F10-un sazlanması və müxətlif yanacaq ehtiyatı ilə təkərlərin effektliyinin qiymətləndirilməsi üzərində işləyib. Ən yaxşı nəticəsini Felipe səhər göstərsə, gün ərzində bu nəticəni yaxşılaşdıran olmayıb. Sabah Ferrari F10-un sükanı arxasında Fernando Alonso debüt edəcək.

val-02-koba
Yeni BMW Sauber-in sükanı arxasında Pedro de la Rosanı əvəz etmiş Kamui Kobayaşi ikinci olub, yaponiyalı sürücü də ən yaxşı nəticəsini səhər göstərib və Felipeyə 0.3 saniyə uduzub. Mütəxəssislər hesab edirlər ki, maşının üzərindəki loqotiplərin sayı qədər yanacaq bakında da maye olub. Bu göstəricilər sponsor axtarışında komanda üçün çox vacibdir, ümumiyyətlə, real qüvvələr nisbətini yalnız Bəhreyndə görmək olacaq.

val-02-ham
Lyuis Həmilton ilk dəfə yeni McLaren maşınını yoxlayıb, britaniyalı sürücü 108 dövrə qət edib və üçüncü olub. Komanda keçənilki testlərdə olduğu kimi aerodinamik effektliyi müəyyən etmək üçün xüsusi yaşıl boyadan istifadə edib. Lyuis müxtəlif yanacaq miqdarında maşının sazlanması və balansı üzərində işləyib.

Robert Kubitsa maşına öyrəşdikdən sonra dünənki nəticəsini iki saniyədən çox yaxşılaşdırıb, günorta Renault sürücüsü ağır maşınla uzun məsafələr qət edib, nahardan sonra isə qısa dövrələr seriyasına çıxıb. Günün sonuna yaxın maşın mexaniki problemlərlə üzləşib. Sabah polşalı sürücünü Formula1-in debütantı rusiyalı Vitaliy Petrov əvəz edəcək.

Niko Rosberq bu gün Mixaelin dünənki göstəricisini yaxşılaşdırıb, amma sabah Mixael eyni addımı ata bilər – Niko bu gün beşinci olub. Rubens Barrikello dünən olduğu kimi Williams FW 32-nin sükanı arxasında altıncı olub, protokollarda son sətri isə Sebastyen Buemi tutub – bu gün STR5 heç bir problem yaşamayıb və isveçrəli sürücü 107 dövrə vura bilib, sabah onu Xayme Algersuari vəzə edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Ferrari Ferrari 1:11.722 124
02 K.Kobayaşi BMW Sauber Ferrari 1:12.056 + 0:00.334 96
03 L.Həmilton McLaren Mercedes 1:12.256 + 0:00.534 108
04 R.Kubitsa Renault Renault 1:12.426 + 0:00.704 119
05 N.Rosberq Mercedes GP Mercedes 1:12.899 + 0:01.177 119
06 R.Barrikello Williams Cosworth 1:13.377 + 0:01.655 102
07 S.Buemi Toro Rosso Ferrari 1:13.823 + 0:02.101 107
01 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +10-15C, trasın temperaturu +11-20C

Valensiyada Rikardo Tormo adına avtodromda fevralın ilk günü 2010-cu il mövsümünün ilk rəsmi testləri keçirilib. Səhər tezdən Mercedes GP komandası tribunalara toplaşanlara yeni W01 maşınını göstərib, bir qədər sonra isə azarkeşlər Scuderia Toro Rosso komandasının yeni STR5 maşınını görüblər, bundan sonra testlərə qədər yeni maşın hazırlamış çempionatın yeddi komandası işə başlaylblar…

val-01-mas
İlk test gününün protokollarına Felipe Massa başçılıq edib. Fyoranoda pis hava üzündən Ferrari yeni maşını zavod trasında tes edə bilməmişdi, ona görə də F10 Valensiyada debüt edib – braziliyalı sürücü nahardan sonra ən yaxşı nəticəni göstərib – 1:12.574. Komandanın məlumatına görə, Felipe sazlanmalarla işləyib, yeni Bridgestone təkərlərinin işini qiymətləndirib, 102 dövrə vurub. Sabah Massa işini davam etdirəcək.

val-01-pedro
Protokollarda ikinci sətri Pedro de la Rosa tutub, dünən komanda jurnalistlərə yeni maşınını göstərib, bu gün isə maşın öz sürətini və etibarlılığını təsdiq edib.

Pedro de la Rosa: “Çox pozitiv gün oldu, maşın etibarlı oldu, sazlanmalara əla reaksiya verir və biz nəzərdə tutduğumuz proqramı tam yerinə yetirə bildik. Mənim üçün bu adaptasiya günü idi, nəinki yeni maşına, həm də komandaya, həm də mən uzun fasilədən sonra sükan arxasına qayıtmışam.”

val-01-shum
Mercedes GP komandası gündəlik proqramı sürücüləri arasında bölüşdürüb – nahara qədər sükan arxasında Niko Rosberq işləyib, nahardan sonra isə onu Mixael Şumaher əvəz edib. Komandanın boksunun qarşısına toplaşmış jurnalistlər və azarkeşlər yeddiqat dünya çempionunun debütünü alqışlarla qarşılayıblar. Mixael yekun protokolda üçüncü yeri tutub və Nikonu qabaqlaya bilib.

val-01-paff
McLaren komandasının test sürücüsü Qəri Paffet yeni MP4-25-i birinci dəfə trasa çıxarıb. Britaniyalı sürücü heç bir problem yaşamadan böyük məsafə qət edib, amma günü beşinci yerdə başa vurub. Komanda nahara qədər bir neçə beşdövrəlik seriyalar edib, nahardan sonra sazlanmalarla işləyib – Qəri maşının balansından və idarə olunmasından razı qalıb. Sabah onu Lyuis Həmilton əvəz edəcək.

val-01-bar
Williams komandası testlərə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub – səhər Rubens Barrikello FW32-nin sükanı arxasına oturub və onu trasa çıxıb, günün sonunda braziliyalı süücünün nəticəsi altıncı sətirdə olub.

Bu gün azarkeşlərə təqdim olunmuş yeni Toro Rosso maşını problemlər yaşayıb – səhər 10 dövrə vurduqdan sonra Sebastyen Bueminin idarə etdiyi STR5-in ötürmələr qutusu imtina edib, mexaniklər axşama qədər problemi aradan qaldıra biliblər və sürücü axşam daha 8 dövrə vura bilib. Günün ən pis nəticəsini isə Robert Kubitsa göstərib – testlərin ilk günü yeni R30 liderə 2 saniyədən çox uduzub…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Ferrari Ferrari 1:12.574 102
02 P.de la Rosa BMW Sauber Ferrari 1:12.784 + 0:00.210 74
03 M.Şumaher Mercedes GP Mercedes 1:12.947 + 0:00.373 40
04 N.Rosberq Mercedes GP Mercedes 1:13.543 + 0:00.969 39
05 Q.Paffet McLaren Mercedes 1:13.846 + 0:01.272 86
06 R.Barrikello Williams Cosworth 1:14.449 + 0:01.875 75
07 S.Buemi Toro Rosso Ferrari 1:14.762 + 0:02.188 18
08 R.Kubitsa Renault Renault 1:15.000 + 0:02.426 69

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*