Formula1 2017-ci il yarışından sonra Sepanqla vidalaşıb – təşkilatçılıq üçün pul tapılmayıb. O vaxtdan bəri tras, demək olar ki, dəyişməyib, buna görə də qeyri-adi adlı “Malayziyada Bəhreyn Qran Prisi” mərhələsi sanki keçmişə səyahət təsiri bağışlayıb. Və bu səyahət çoxlarının xoşuna gəlib. Köhnə asfalt və isti havaya baxmayaraq, sürücülər Sepanq barədə xeyli xoş söz deyiblər. Tras isə möhtəşəmdir!
Cümə günü məşqlərdə Ferstappen və Lekler liderlik edib. Şənbə səhəri Antonelli ən yaxşı nəticəni göstərib, sıralanma turunu isə Ferstappen qazanıb – onun və Red Bull Racing üçün bu, mövsümdə ilk poul olub, Red Bull Ford mühərrikləri üçünsə tarixdə ilk.
Cümə və şənbə günləri əsas amil təkər yeyilməsi olub. Abraziv və tozlu asfalt üzərində maşınlar sürüşüb, rezin qızaraq tez effektivliyini itirib, üstəlik fərqli maşınlarda yeyilmə nəzərəçarpacaq dərəcədə fərqlənib. Amma bazar günü yeyilmə ikinci plana keçib. Hər şeyi hava həll edib.
İlk cərgədən Ferstappen və Həmilton, ikinci cərgədən Antonelli və Lekler, üçüncü cərgədən isə Norris və Piastri start alıb. Üçüncü nəticəni göstərən Həcər güc qurğusunun elementinin dəyişdirilməsinə görə beş yer itirərək səkkizinci yerdən start alıb. Kolapinto və Lindblad cəzalardan sonra start düzümünün son cərgəsini bölüşüblər.
Pirelli bu mərhələyə orta üçlüyü gətirib – Hard, Medium və Soft rolunda C2, C3 və C4.
Starta iki saat qalmış çiskin başlayıb, start ərəfəsində isə yağış güclənib. Sürücülər bokslardan keçid təkərləri ilə çıxıblar, start düzümündə isə çadırlara sığınıblar və yalnız himnlərin səsləndirilməsi mərasimi üçün bayıra çıxıblar – himn iki olub: Bəhreyn və Malayziya.
Start təxirə salınıb. Yoxlama üçün trasa tibb avtomobili çıxıb və artıq aşağı sürətdə akvaplanlama yaranıb, sürücü maşını trasda saxlamaqda çətinlik çəkib.
Bir ara yağış leysan kimi yağıb, sanki quru keçən iki günün əvəzini çıxıb, sonra isə sürətlə səngiyib. Tibb avtomobili bir neçə dəfə baxış üçün trasa çıxıb, sonda yarışın 15:40-da – qrafikdən qırx dəqiqə gec başlayacağı elan olunub.
Hamı keçid təkərlərini seçib. Start formatı belə olub – iki dövrə təhlükəsizlik avtomobilinin arxasında, sonra isə şərait imkan versə, start.
Həcər üçüncü döngədə təkərləri bloklayaraq çınqıllığa çıxıb, amma trasa qayıda bilib. Norris 12-13-cü döngələr bağlamasında trasdan çıxıb. Həmiltonun Ferrari-sində güc qurğusu ilə bağlı problem yaranıb. “Qaza basıram, amma heç nə baş vermir”, – deyə o, mühəndisinə şikayət edib. Qısa fasilədən sonra sistemi yenidən işə salmaq mümkün olub.
Arxa düzlükdə Ferrari mühərrikli daha iki maşın – Okon və Bottas gözlənilmədən dayanıb. Yarışın rəhbərliyi bu xaosu qırmızı bayraqlarla dayandırıb. Sürücülər pit-leynə qayıdıblar.
Start proseduru əlavə bildirişədək dayandırılıb. Tras artıq quruyub, maşınlar isə pit-leynə düzülmüş vəziyyətdə qalıblar.
Fasilə onunla bağlı olub ki, trasdakı unikal şərait səbəbindən bəzi maşınlar güc itirib və FIA-nın texniki departamenti enerji sərfiyyatı məhdudiyyətlərini aradan qaldıran proqram təminatı yenilənməsi yayıb. Fasilə zamanı komandalar bu patçı maşınlara quraşdırıblar.
Nəticədə start 16:33-ə təyin olunub (planlaşdırılandan saatyarım sonra), sürücülər isə start düzümünün ilkin versiyasına uyğun yerləşdiriliblər.
Tras bir qədər quruyub, amma bəzi yerlərdə hələ də nəm qalıb. Yerdən start elan olunub.
Həmilton, Lekler, Bortoleto, Börman, Bottas, Peres və Kolapinto Soft taxıblar. Norris, Piastri, Alonso və Stroll Medium-u seçiblər, qAlanlar isə keçid təkərləri ilə start alıblar.
İsinmə dövrəsində Qasli otluğa çıxıb, amma dörd mövqe itirərək geri qayıda bilib. Təhlükəsizlik avtomobili trasa çıxıb, amma növbəti dövrədə pit-leynə dönüb.
Peres, Piastri, Bortoleto, Stroll və Hülkenberq slikləri keçid təkərləri ilə əvəzləyiblər.
Startda Antonelli yarışa başçılıq edib. Keçid təkərlərinin açıq üstünlüyü olub. Lekler və Hülkenberq toqquşublar, amma hərəkəti davam etdiriblər. Ferstappen iki mövqe itirib, Ferrari sürücüləri geriyə yuvarlanıblar. 3-cü dövrədə ilk onluq: Antonelli – Rassell – Ferstappen – Louson – Həcər – Sayns – Əlbon – Okon – Lindblad – Piastri.
Keçid təkərləri ilə start alanlar ilk 14 yeri tutublar, qalan səkkiz yerdə isə sliklərlə start alanlar qərarlaşıblar. 4-cü dövrədə Lekler keçid təkərlərinə keçib və Hülkenberqlə insidentdə zədələnən ön qanadı dəyişib. 6-cı dövrədə Ferstappen ikincilik uğrunda mübarizədə Rasselli geridə qoyub. 7-ci dövrədə Həcər Lousonu keçib.
Keçid təkərləri ilə hamıdan gec trasa çıxan Lekler sliklərdə olan rəqiblərini bir-bir geridə qoyub, o cümlədən komanda yoldaşını da keçərək sürətlə irəliləyib. 9-cu dövrədə Ferstappen liderlik uğrunda mübarizədə Antonelliyə bir neçə dəfə hücum edib, amma Kimi öndə qala bilib.
10-cu dövrədə Bottas trasdan çıxaraq çınqılda ilişib qalıb. Təhlükəsizlik avtomobili trasa çıxıb. Sürücülər boksa dönüblər və hamı sliklərə keçib. Təhlükəsizlik avtomobili arxasında ilk onluq: Antonelli – Ferstappen – Rassell – Həcər – Louson – Okon – Lindblad – Sayns – Bortoleto – Piastri.
13-cü dövrədə sürücülər mübarizəni davam etdirə biliblər. Ferstappen və Rassell Antonellini, Həmilton və Norris isə Əlbonu keçiblər, Leklerdə Peresi geridə qoyub. Bortoletoyla təmasdan sonra Sayns geriyə düşüb, Qabriel isə sonradan 10 saniyə cəza alıb.
15-ci dövrədə Həmilton Strollu, Piastri isə Bortoletonu keçib. 16-cı dövrədə Həmilton Hülkenberqi geridə qoyub, Bortoleto isə təkərləri dəyişib. 17-ci dövrədə ilk onluq: Ferstappen – Rassell – Antonelli – Həcər – Louson – Okon – Lindblad – Piastri – Həmilton – Hülkenberq.
17-ci dövrədə Əlbon, 19-cu dövrədə isə Peres rezini dəyişib. 19-cu dövrədə Həmilton səkkizinci yer uğrunda mübarizədə Piastrini keçib. 21-ci dövrədə Həmilton Okonu, Antonelli isə Rasselli keçərək ikinci yerə yüksəlib. 23-cü dövrədə Lekler və Norris Hülkenberqi geridə qoyublar. 24-cü dövrədə Piastri və Lekler Lindbladı keçiblər.
25-ci dövrədə Antonelli səhvdən sonra trasdan çıxıb və FIA-nın iki gün yerini dəyişdiyi dirəkciyi vurub. Börman təkərləri dəyişib. 26-cı dövrədə Qasli pit-stop edib, 27-ci dövrədə isə Sayns. 27-ci dövrədə Piastri yeddinci yer uğrunda mübarizədə Okonu keçib. Lekler və Norrisdə Okonu geridə qoyublar.
29-cu dövrədə Lekler rezini dəyişib, 30-cu dövrədə isə Okon və Əlbon. Esteban boksa girişdə otluğa çıxıb, amma hərəkəti davam etdirib. Piastri altıncı yer uğrunda mübarizədə Lousonu keçib. 31-ci dövrədə Louson pit-stop edib, 32-ci dövrədə Həcər, Həmilton, Alonso və Kolapinto, 33-cü dövrədə Rassell və Hülkenberq, 34-cü dövrədə Ferstappen, Antonelli və Piastri, 35-ci dövrədə isə Norris və Bortoleto boksa gəliblər.
36-cı dövrədə Piastri Lousonu keçərək yeddinci yerə yüksəlib. 38-ci dövrədə Kolapinto 17-ci yer uğrunda mübarizədə Saynsı geridə qoyub. Qasli təkərləri dəyişib. 39-cu dövrədə Hülkenberq Okonu, Bortoleto isə Peresi keçib. Börman təkərləri dəyişib.
40-cı dövrədə Alonso onuncu yer uğrunda mübarizədə Lindbladı keçib. 40-cı dövrədə ilk onluq: Ferstappen – Antonelli – Rassell – Həcər – Həmilton – Lekler – Piastri – Norris – Louson – Alonso.
42-ci dövrədə Stroll 13-cü yer uğrunda mübarizədə Okonu keçib və Esteban boksa dönüb. 43-cü dövrədə Əlbonun maşını sürətlər qutusundakı nasazlıq səbəbindən üçüncü döngənin təhlükəsizlik zonasında dayanıb. VSC rejimi elan olunub. Ferstappen, Kolapinto və Sayns boksa dönərək təkərləri dəyişiblər. Ardınca Həmilton, Lekler, Lindblad, Stroll, Antonelli, Rassell və Həcərdə boksa gəlib.
Əlbonun maşınını tez bir zamanda təxliyə etmək mümkün olmayıb. Yarışın rəhbərliyi təhlükəsizlik avtomobilini trasa buraxıb. Piastri, Norris, Louson, Alonso və Hülkenberq rezini dəyişiblər. Təhlükəsizlik avtomobili arxasında ilk onluq: Ferstappen – Antonelli – Rassell – Həcər – Həmilton – Lekler – Piastri – Norris – Louson – Alonso.
50-ci dövrədə Rassell güc qurğusundakı problemə görə trasda dayanıb və maşını tərk edib. Norris Rassellə fikir verib əyləcləmədə gecikib, komanda yoldaşına çırpılmamaq üçün tras hüdudlarından kənara çıxmalı olub – Lando mübarizəyə 11-ci yerdə qayıdıb.
52-ci dövrədə sürücülər mübarizəni davam etdirə biliblər. Restartda Ferstappen liderliyi qoruyub. Piastri və Louson mövqe uğrunda mübarizə aparıblar, amma yerlərində qalıblar. 53-cü dövrədə Həmilton üçüncü yer uğrunda mübarizədə Həcəri keçib. Norris Hülkenberqi geridə qoyaraq doqquzuncu yerə yüksəlib. 54-cü dövrədə Lekler Həcəri keçib.
Maks Ferstappen Malayziyada keçirilən Bəhreyn Qran Prisində qələbə qazanıb, mövsümdə ilk, karyerasında isə 72-ci qələbəsini əldə edib.
Maks bir komanda ilə qazanılan qələbələrin sayına görə Mixael Şumaxerlə bərabərləşib (almanın Ferrari ilə 72 qələbəsi olub). Bu, Red Bull Ford mühərrikli maşının tarixdə ilk qələbəsidir.
Kimi Antonelli komanda yoldaşının mübarizəni dayandırmasından sonra ondan üstünlüyünü 84 xala çatdıraraq podiumun ikinci pilləsinə yüksəlib. Lyuis Həmilton üçüncü yeri tutub.
Artıq gələn həftə mübarizə Sinqapurda gecə yarışı ilə davam edəcək.
Yarışın nəticələri
| Pilot | Komanda | Vaxt | Pit |
| 1. Maks Ferstappen | Red Bull | 1:47:14.808 | 3 |
| 2. Kimi Antonelli | Mercedes | + 0:02.307 | 3 |
| 3. Lyuis Həmilton | Ferrari | + 0:04.919 | 2 |
| 4. Şarl Lekler | Ferrari | + 0:07.258 | 4 |
| 5. İshaq Həcər | Red Bull | + 0:08.571 | 3 |
| 6. Oskar Piastri | McLaren | + 0:09.454 | 4 |
| 7. Liam Louson | Racing Bulls | + 0:12.753 | 3 |
| 8. Fernando Alonso | Aston Martin | + 0:13.372 | 3 |
| 9. Lando Norris | McLaren | + 0:13.993 | 3 |
| 10. Arvid Lindblad | Racing Bulls | + 0:15.928 | 3 |
| 11. Niko Hülkenberq | Audi | + 0:17.404 | 4 |
| 12. Ləns Stroll | Aston Martin | + 0:18.052 | 4 |
| 13. Franko Kolapinto | Alpine | + 0:18.997 | 3 |
| 14. Oliver Börman | Haas | + 0:22.305 | 3 |
| 15. Esteban Okon | Haas | + 0:22.532 | 3 |
| 16. Pyer Qasli | Alpine | + 0:23.315 | 4 |
| 17. Karlos Sayns | Williams | + 0:25.431 | 3 |
| 18. Qabriel Bortoleto | Audi | + 0:28.233 | 5 |
| 19. Serxio Peres | Cadillac | + 0:29.310 | 7 |
| 20. Corc Rassell | Mercedes | + 5 dövrə | 3 |
Ən sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:38.220 (55-ci dövrə, 203.164 km/saat)
Mübarizəni dayandıranlar
| Pilot | Komanda | Dövrə | Səbəb |
| Aleks Əlbon | Williams | 41 | ötürmələr qutusu |
| Valtteri Bottas | Cadillac | 7 | trasdan çıxma |
ÇEMPİONATDA VƏZİYYƏT: ŞƏXSİ HESAB
| Pilot | Komanda | Xal |
| 1. Kimi Antonelli | Mercedes-AMG PETRONAS F1 Team | 320 |
| 2. Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 236 |
| 3. Lyuis Həmilton | Scuderia Ferrari HP | 214 |
| 4. Şarl Lekler | Scuderia Ferrari HP | 191 |
| 5. Lando Norris | McLaren Mastercard F1 Team | 188 |
| 6. Maks Ferstappen | Oracle Red Bull Racing | 188 |
| 7. Oskar Piastri | McLaren Mastercard F1 Team | 128 |
| 8. İshaq Həcər | Oracle Red Bull Racing | 96 |
| 9. Liam Louson | Visa Cash App Racing Bulls F1 Team | 65 |
| 10. Pyer Qasli | BWT Alpine F1 Team | 41 |
| 11. Arvid Lindblad | Visa Cash App Racing Bulls F1 Team | 38 |
| 12. Franko Kolapinto | BWT Alpine F1 Team | 27 |
| 13. Oliver Börman | TGR Haas F1 Team | 20 |
| 14. Qabriel Bortoleto | Audi Revolut F1 Team | 10 |
| 15. Niko Hülkenberq | Audi Revolut F1 Team | 7 |
| 16. Esteban Okon | TGR Haas F1 Team | 7 |
| 17. Fernando Alonso | Aston Martin Aramco F1 Team | 7 |
| 18. Karlos Sayns | Atlassian Williams Racing | 7 |
| 19. Aleks Əlbon | Atlassian Williams Racing | 5 |
| 20. Yuki Tsunoda | Visa Cash App Racing Bulls F1 Team | 1 |
ÇEMPİONATDA VƏZİYYƏT: KONSTRUKTORLAR KUBOKU
| Komanda | Mühərrik | Xal |
| 1. Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 556 |
| 2. Scuderia Ferrari HP | Ferrari | 405 |
| 3. McLaren Mastercard F1 Team | Mercedes | 316 |
| 4. Oracle Red Bull Racing | Red Bull Ford | 298 |
| 5. Visa Cash App Racing Bulls F1 Team | Red Bull Ford | 90 |
| 6. BWT Alpine F1 Team | Mercedes | 68 |
| 7. TGR Haas F1 Team | Ferrari | 27 |
| 8. Audi Revolut F1 Team | Audi | 17 |
| 9. Atlassian Williams Racing | Mercedes | 12 |
| 10. Aston Martin Aramco F1 Team | Honda | 7 |





