Daily Mail-i təmsil edən MakEvoy mövsümün qalan üç mərhələsində işləyə bilməyəcək, çünki Şarl Leklerin, Lyuis Həmiltonun və Ferrari komandasının rəhbərliyinin ünvanına tam korrekt olmayan fikirlər səsləndirdiyinə görə onun akkreditasiyası ləğv olunub.
Qəzetin reaksiyası da buna uyğun olub: London tabloidi öz jurnalisti ilə həmrəylik əlaməti olaraq bu il keçiriləcək qalan Formula1 yarışlarını boykot edəcəyini açıqlayıb.
“Bu, dəlilikdir, – deyə Ekklstoun vəziyyəti elə həmin Daily Mail-in səhifələrində şərh edib. – FİA-da niyə belə addım atmağa qərar verdiklərini bilmirəm. Şəxsən mən indi bu jurnalistin yeni yazılarını gözləyəcəyəm. Mən bunu etməyə borclu deyiləm, amma bu, mənim şəxsi seçimimdir. Ümumiyyətlə, hesab edirəm ki, bu, tam dəlilikdir”.
Əlbəttə, belə mövqedə olan təkcə Ekklstoun deyil: jurnalistlərin və naşirlərin maraqlarını təmsil edən iki nüfuzlu qurum da baş verənlərə reaksiya verib. Tərkibinə təxminən 400 redaktor və media qurumu daxil olan Britaniya Redaktorlar Cəmiyyəti (Society of Editors) açıq şəkildə Daily Mail-ə dəstək verib və FİA-nı MakEvoyun akkreditasiyasını bərpa etməyə çağırıb.
Bu birliyin direktoru Dona Elfordun fikrincə, əgər federasiya akkreditasiyadan məhrum etməni cəza vasitəsi kimi istifadə edirsə, bu, “səlahiyyətdən sui-istifadə”nin açıq nümunəsidir.
Böyük Britaniyanın Xəbər Mediası Koalisiyası (News Media Coalition) da oxşar mövqe tutur. Bununla belə, Las Veqas Qran Prisinə bir həftədən də az vaxt qalıb və hələlik heç nə FİA-nın tənqidlərə qulaq asmağa, qərarını dəyişməyə və gözdən salınmış jurnalistin akkreditasiyasını bərpa etməyə hazır olduğunu göstərmir.





