Madriddəki mərhələnin iqtisadi effekti proqnozları üstələyib

Sentyabrda Madridin yeni şəhər tras ilk dəfə İspaniya Qran Prisi qəbul edib. Azarkeşlər və sürücülər trası birmənalı qarşılamayıblar, çünki onun konfiqurasiyasının xüsusiyyətləri ötmələri təşviq etməyib, lakin mərhələnin İspaniya paytaxtında keçirilməsindən əldə olunan iqtisadi effekt proqnozları üstələyib.

PwC konsaltinq agentliyinin hazırladığı sosial-iqtisadi təsir araşdırmasına görə, Qran Pridən ümumi iqtisadi effekt 544 milyon avroya çatıb, 10 948 iş yerinin yaradılmasına və qorunub saxlanmasına töhfə verib, həmçinin 95 milyon avro vergi daxilolması gətirib.

Qran Pri ilə birbaşa əlaqəli xərclənən hər bir avroya görə Madrid iqtisadiyyatı 4.6 avro qazanıb, əldə olunan gəlir isə şəhərin ÜDM-nin 0.3%-ni təşkil edib.

Araşdırmaya görə, dolayı, stimullaşdırıcı və vasitəli iqtisadi effektin 425 milyon avrosunun 59%-i hotelçilik, istehsal və tikinti sektorlarının payına düşüb. Yarışın keçirilməsindən ən böyük faydanı qonaqpərvərlik sektoru əldə edib – 114 milyon avro, onu 86 milyon avro ilə emal sənayesi və 51 milyon avro ilə tikinti izləyib.

Qran Prinin Madrid iqtisadiyyatına təsiri turistlərlə sıx bağlı olub. Mərhələnin dörd günü ərzində 352 618 ziyarətçi qeydə alınıb, onların 35%-i xaricdən, daha 20%-i isə İspaniyanın digər regionlarından gəlib.

Xarici turistlər Qran Pri zamanı qaldıqları müddətdə adambaşına orta hesabla 2 772 avro xərcləyib ki, bu da Madriddə xarici turistlərin orta xərclərindən 1.7 dəfə, İspaniyada xarici turistlərin orta xərclərindən isə 2.9 dəfə çox olub.

Yuxarıda da qeyd olunduğu kimi, Madriddə keçirilən ilk İspaniya Qran Prisidən iqtisadi effekt 544 milyon avroya çatıb ki, bu da proqnozdan 16.5% yüksək olub. Yaradılan iş yerlərinin sayı proqnozu 23.7% üstələyib, 95 milyon avroluq vergi daxilolmaları isə proqnozu 14.5% ötüb.

,