Louson və Lindblad Racing Bulls komandasında çıxışlarını davam etdirəcəklər

Racing Bulls gələn mövsüm üçün sürücü heyətini təsdiqləyib. 2027-ci ildə Faensadan olan komandanın şərəfini Liam Louson və Arvid Lindblad qorumağa davam edəcəklər.

Komandanın açıqlamasında vurğulanıb ki, hər iki sürücü mövsümboyu yüksək nəticələr göstərib və ardıcıl dörd dəfə hər iki maşınla xal qazanıb ki, bu da Racing Bulls-a Mühəndislər Kubokunda beşinci yer uğrunda mübarizədə kömək edib.

Alan Permeyn: “Liam və Arvidin 2027-ci ildə də komandamızda çıxış edəcəklətinə çox sevinirik. Mövsüm ərzində hər iki sürücü öz bacarığını və potensialını sübut edib, biz isə onların həm ayrı-ayrılıqda, həm də birlikdə necə irəlilədiklərini görmüşük. Şübhəm yoxdur ki, təcrübə ilə ambisiyanın uğurlu vəhdəti sayəsində bu, komandamız üçün ən optimal heyətdir.

Bu il əldə etdiyimiz tərəqqini inkişaf etdirmək, irəliləməyə davam etmək və 2027-ci ildə hədəflərimizə doğru növbəti addımı atmaq üçün yaxşı təməlimiz var”.

Liam Louson: “2027-ci ildə də Racing Bulls-da çıxış edəcəyim üçün çox şadam. Bu il əla mövsüm keçiririk, komanda idarə etməkdən zövq aldığım sürətli maşın yaratmaq üçün gərgin çalışıb.

Biz komandanın tarixini yazırıq və Mühəndislər Kubokuda beşinci yer uğrunda mübarizəni davam etdiririk. Bu, trasda və bazada çalışan bütün əməkdaşlarımızın əzmkar əməyinin nəticəsidir. Bu yolu Arvidlə birlikdə davam etdirmək imkanını səbirsizliklə gözləyirəm – biz həqiqətən müsbət bir şey qururuq, birlikdə nəyə nail ola biləcəyimiz məni ruhlandırır”.

Arvid Lindblad: “Racing Bulls ilə işi davam etdirəcəyim üçün şadam. Formula1-dəki ilk mövsümümə nəzər salanda deyə bilərəm ki, bu, yeni təəssüratlar və biliklərlə dolu həqiqətən xüsusi bir il olub. Etimada və dəstəyə görə Racing Bulls və Red Bull-da hər kəsə təşəkkür etmək istəyirəm.

Mövsüm ərzində gərgin əməyə, işə sadiqliyə və əməkdaşlığa, eləcə də bu müddətdə qurduğumuz möhkəm münasibətlərə görə komandada hər kəsə minnətdaram. Debüt mövsümündə qazandığım təcrübəni inkişaf etdirmək üçün növbəti ilin başlanmasını səbirsizliklə gözləyirəm. Bu, daha bir maraqlı il olacaq, Liamla birlikdə çıxışı davam etdirmək imkanına görə şadam”.

, ,