2027-ci il mövsümünə Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək yarışlarla start verilməlidir, lakin Formula1-də vəziyyətin bu mərhələləri keçirməyə imkan verməyəcəyi ehtimalı üçün artıq alternativ variantlar hazırlanıb. Yaxın Şərqdəki hazırkı mənzərəyə əsasən, Bəhreyndə vəziyyət sabit görünür, bunu Səudiyyə Ərəbistanı barədə demək olmur.
Yəməndə hərbi əməliyyatların son gərginləşməsi bir çox ölkənin hökumətlərinin Səudiyyə Ərəbistanını səfər üçün tövsiyə olunmayan ölkələr siyahısına salmasına gətirib çıxarıb ki, bu da Formula 1 mərhələsinin keçirilməsini qeyri-mümkün edir. Əgər gələn ilin əvvəlinə qədər vəziyyət ciddi şəkildə yaxşılaşmasa, bu, martda Ciddədə keçirilməli olan yarışın baş tutmayacağı anlamına gələcək.
Belə ssenaridə mövsüm planlaşdırıldığı kimi martın 14-də Bəhreyndə başlayıb, ikinci mərhələ isə aprelin 4-də Avstraliyada davam edə bilər. Lakin Yaxın Şərqdəki vəziyyət Bəhreyn Qran Prisini keçirməyə də imkan verməsə, əsas ssenari kimi mövsümün ilk mərhələsinin Malayziyadakı Sepanq trasında təşkili nəzərdə tutulub. Bu halda fevralda mövsümöncəsi testlər də elə orada baş tutacaq.
Malayziya variantı Formula1 üçün, o cümlədən logistika baxımından əlverişlidir, çünki oradan avadanlıq yüklərini növbəti yarışlara – Avstraliya, Yaponiya və Çinə göndərmək rahatdır.
Buna baxmayaraq, 2027-ci il mövsümünün ilk yarışının keçiriləcəyi məkanla bağlı qərar son ana qədər təxirə salınıb; necə ki, bu il Qətər və Əbu Dabi ilə bağlı da belə olub. Çünki Formula1 üçün prioritet artıq elan edilmiş təqvimin keçirilməsidir.





