Kulthard: Formula1 fantastik dövr yaşayır

Up to Speed podkastında Formula1-in keçmiş sürücüsü Devid Kulthard San Pauluda baş tutmuş möhtəşəm yarışdan və podiumdakı insidentdən danışıb. Həmin an Lando Norris şampan şüşəsini sındırıb və üzünə yanan fişəng dəyib…

Devid Kulthard: “Lando eyni səhvi fərqli nəticə gözləyərək təkrarlamağı dayandırmalıdır. Şampan şüşəsini bərk bir şeyə vurub onun sınmayacağını gözləmək pis fikirdir. Biz uşaqlara kiçik yaşlarından bunu etməməyi öyrədirik, amma Lando yenə də bunu etməyə davam edir. Onun çox bəxti gətirib, kəsilməyib.

Aydındır ki, FİA podiumdakı mükafatlandırma mərasiminə diqqət yetirməlidir və bu fişəng kimi sürücünün gözünə dəyə biləcək nəyinsə olub-olmadığını yoxlamalıdır. Bu, sadəcə təhlükəlidir.

Əslində, mən Norrisin çıxışından təsirlənmişəm. Bu, onun ən yaxşı yarışlarından biridir. Bu trasın xüsusiyyətlərini və dəyişkən şəraiti nəzərə alsaq, bu, möhtəşəm idi.

Formula1 fantastik dövr keçirir, burada dünya səviyyəli bir çox sürücü bir araya gəlib və onlar uyğun məqam, maşın və özünəinam olduqda qələbə qazanmaq üçün real şansa malikdirlər.

Düşünürəm ki, Lando və digər sürücülər üçün bir qədər narahatedici məqam odur ki, Maks son sıralardan start alıb ikinci yeri tutub; özü də razı qalmadığı maşınla, amma bu da özlüyündə heyrətamizdir”.

,