Haqqımızda

Hörmətli avtomotor idman həvəskarları!

Əgər siz bu səhifəyə müraciət etmisinizsə, deməli bizimlə, bizim tariximizlə maraqlanırsınız. Ona görə də sizə özümüz haqqında məlumat verək…

Faktiki olaraq, saytın təsisçisi və baş redaktoru mənəm – Rəhim Əliyev. Mən 12 yaşımdan, yəni 1982-ci ildən Formula1-lə maraqlanmağa başlamışam. Həmin ildə Formula1-in kommersiya başçısı Berni Ekklstoun Moskvada olmuş, SSRİ-də bu yarışların təşkili ilə bağlı ilkin razılıq əldə etmişdi. Ona görə də ölkənin əsas idman qəzeti olan “Sovetski Sport” Formula1-ə böyük səhifələr ayırırdı. Amma tezliklə ölkə başçısının ölümü bu planları puç etdi, amma qəzet hələ də F1-dən yazmağa davam edirdi.

1992-ci ildən isə Rusiyanın əsas kanallarından biri çempionatın yarışlarını yayımlamağa başladı. Elə həmin vaxtdan da mən hər həftəsonu yarışın nəticələri barədə yazılar hazırlayaraq mətbuata ötürməyə başladım. Həmin illərdə müstəqillik qazanmış ölkəmizin qəzetlərində idmana çox az yer ayrılırdı, sırf idman qəzetləri isə üstünlüyü ölkəmizdə daha məşhur olan idman növlərinə verirdilər.

2000-ci ildən başlayaraq Formula One Managment (FOM) şirkəti ilə ölkəmizdə bu idman növünün yayımı üzrə danışıqlar apardım. Yüksək səviyyədə olan məbləğin ölkəmiz üçün aşağıya endirilməsinə nail oldum. 2005-ci ildə hazırda oxuduğunuz bu saytı açdım – “Formula1 Azərbaycanda” adını verdiyim resurs əvvəlcə www.f1-az.com, sonradan isə www.f-1.az ünvanında fəaliyyət göstərməyə başladı. Saytda olan forum F1 həvəskarlarını bir araya toplamağa müvəffəq oldu. Sosial şəbəkələrin geniş tətbiqi isə F1-ə həsr olunan səhifələrin, qrupların artmasına gətirib çıxardı. İndiyə qədər ölkəmizin feysbukda, tvitterdə və instaqramda ən böyük izləyicisi olan səhifələr məhz bu sayta məxsusdur.

2010-cu ildən isə ölkəmizdə açılan ilk idman kanalı olan “İdman TV” Formula1-i ölkəmizə gətirdi – ölkəmizdə bu idmanın tanınmış yazarı mən olduğum üçün TV kanala dəvət olundum və bu günə qədər Siyavuş Əliyevlə birlikdə yarışların əsas şərhçilərindən biriyəm. Artıq 10-dan çox mövsümü arxada qoymuşuq və bu müddət ərzində Formula1-i minlərlə gəncə sevdirə bilmişik.

Məhz bizim əməyimizin nəticəsində çoxminli F1 azarkeşlərinin arzuları reallaşdı və 2016-cı ildə müstəqil ölkəmiz ilk dəfə Formula1 yarışına evsahibliyi etdi. Elə 2016-cı ildən Azərbaycan Qran Prisinin rəsmi elçisi seçilmişəm.

Məhz 2016-cı ildən ölkəmizdə yarışın keçirilməsi ilə saytımıza olan marağın artması Elçin ZodorovRauf Hacıyev kimi gənc yazarlarla əməkdaşlığın təməlini qoydu. Kollektivimiz hələlik balacadır, amma istənilən oxucu Formula1 barədə xəbərləri redaksiyaya göndərməklə öz gücünü sınaya bilər.

Hörmətli oxucu! Mənim arzum bununla bitmir. Mənim arzum milli sürücümüzün milli komandamızın heyətində milli yarışımızın startına çıxmasıdır. Bu arzunun üçdə biri artıq gerçəkləşib, yerdə qalan üçdə ikisi üçün biz əl-ələ verib çalışmalıyıq…

Hörmətlə:

Rəhim ƏLİYEV (www.F-1.az)