Frederik Vassyör: Mən Şarla düşündüyüm hər şeyi açıq dedim

Frederik Vassyör Las Veqasda Şarl Lekler və Lyuis Həmilton arasında baş vermiş insidenti şərh edib. Həmin təmasın nəticəsində Lyuis fırlanmaya görə mövqelər itirib, Şarl isə 10 saniyəlik cəza alıb. Ferrari rəhbəri insidentə görə bütün məsuliyyəti Leklerin üzərinə qoyub və onun hərəkətlərini qəbuledilməz adlandırıb.

Frederik Vassyör: “Bunların heç biri mənim heç xoşuma gəlmir. Mexikoda vəziyyət xoşagəlməz olub, amma bu gün hər şey daha da pisdir, çünki biz onları xəbərdar etmişdik. Mexikodan sonra açıq söhbət aparmışıq, bu gün isə yarış ərzində bunu onların yadına salmışıq.

Şarla açıq şəkildə demişik – Lyuisin arxasında gedəndə komandanı düşünməlisən. O, buna qulaq asmayıb və mənim fikrimcə, peşəkar səhvə yol verib. Belə şəkildə nəticənin üstündən xətt çəkməyə sənin haqqın yoxdur.

Düşünürəm ki, sabah danışacağıq. Bu gün baş verənləri artıq müzakirə etməyəcəyik. Amma mənə elə gəlir ki, onlar gecə-gündüz pərdəarxasında çalışan iki min insanı tamamilə unudublar. Bu gün Şarl onlar haqqında ümumiyyətlə düşünməyib.

Hamımız buna çox böyük güc sərf etmişik, çox şeydən keçmişik və bu gün potensial yaxşı nəticəni əldən vermişik, çünki temp pis olmayıb. Nəticə necə olursa-olsun, sənin üçün çalışan insanlar varkən belə nəticələri havaya sovurmaq olmaz. Ona görə də bəli, bu, qətiyyən qəbuledilməzdir.

Şarla nə demişəm? Düşündüklərimin hamısını ona demişəm. O, demək olar ki, heç nə cavab verməyib, amma mən ona bütün bunlar barədə nə düşündüyümü açıq şəkildə bildirmişəm”.

, ,