Pyer Qasli: Las Veqasda ilk xallarımı qazanmaq istəyirəm

Alpine komandası tam heyətlə Las Veqasda sıralanma turunun finalına yüksəlib. Pyer Qasli və Franko Kolapinto müvafiq olaraq 9-cu və 10-cu yerləri tutublar, lakin Oskar Piastrinin cəriməsinə görə startda hərəsi bir mövqe qazanacaq. Komanda hər iki maşınla xal qazanmağa ümid edir.

Pyer Qasli: “İki maşınla sıralanma turunun finalına çıxmışıq. Bu, müsbət haldır və sabahkı yarışa nikbin yanaşmağa imkan verir.

Sıralanma turu qarışıq alınıb, xüsusən də bir çoxlarının slipstrim tapmaq üçün bir yerə toplandığı son sessiya. İkinci sessiyada hər şey əla alınıb – slipstrimdən uğurla yararlanmışam, amma bunu finalda təkrarlamaq mümkün olmayıb. İndi komandada bunun niyə belə alındığını müzakirə etməliyik.

Son sürətli dövrədən əvvəl təkərləri lazım olduğu kimi qızdıra bilməmişəm – onlar istədiyimdən daha soyuq olub, buna görə də dövrənin əvvəlində bir qədər vaxt itirmişəm və maşından maksimumu sıxa bilməmişəm. Buna baxmayaraq, Las Veqasda yüzfaizlik nəticəmi hələ də qoruyub saxlamışam – bu trasda həmişə sıralanma turunun finalına çıxmışam. İndi isə bu trasda ilk dəfə xal qazanmaq istəyirəm.

Mən nikbin əhvaldayam, çünki maşınımız kifayət qədər sürətlidir. Düşünürəm ki, sabah çox mübarizə olacaq və önümüzdən start alan hər iki Racing Bulls sürücüsünü qabaqlamağın yolunu tapmalıyıq. Startı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, rəqibləri geridə qoyub xal qazana biləcəyik”.

Franko Kolapinto: “Məqsədimiz həmişə iki maşınla finala çıxmaqdır və bu vəzifənin öhdəsindən gəlmişik. Amma yenə də bir qədər məyusuq ki, bu gün bunun üçün imkan olsa da, daha yuxarı yerdə sırAlana bilməmişik.

Bu həftəsonu ilk dəfə quru trasda işləmişik. Maşın yaxşı davranıb, temp kifayət qədər yüksək olub, xüsusən də üçüncü məşqdə və sıralanma turunun ilk iki hissəsində. Amma finalda hər şey o qədər də rəvan keçməyib və bütün imkanlardan yararlana bilməmişik. Əlbəttə, daha artığını istərdik.

Burada təkərlərin qızdırılması və slipstrimə düşmək üçün trasdakı mövqe mühüm rol oynayıb. Bu iki amili bir araya gətirmək asan olmayıb, çünki isinmə dövrəsində nədənsə güzəştə getmək lazım gəlib. Həmin dövrədə mövqe uğrunda yaşanan qarışıqlıq da kömək etməyib – bu, son cəhddə sektorlardakı vaxtlardan da görünüb.

Xoşbəxtlikdən, optimal sazlamaları tapa bilmişik və düzlükdə kifayət qədər sürətliyik, rəqiblərin cəzalarına görə isə daha yuxarıdan start alırıq. Ümid edirəm ki, sabah yaxşı start alıb xallar uğrunda mübarizə apara biləcəyik”.

,