Sinqh: Qalan yarışlar bir növ miniçempionatdır

McLaren-in yarış direktoru Rendi Sinqh mövsümü yekunlaşdıran ardıcıl son üç mərhələ ərəfəsində kifayət qədər nikbin ovqatdadır və komandalarının Sinqapur Qran Prisinə qədər sahib olduğu, lakin daha sonra Red Bull Racing-in önünə keçdiyi Mühəndislər Kubokuda 3-cü pilləyə qayıda biləcəyini düşünür.

“Mövsümün sonuna qədər mübarizənin davam etməsi və hər şeyin bizim xeyrimizə başa çatması üçün əlimizdən gələni edəcəyik, – deyə Sinqh çempionatın rəsmi saytının podkastı olan F1 Nation-ın növbəti buraxılışında bildirib. – Qalan yarışları bir növ mini-çempionat kimi qəbul edirik və hər Qran Pridə maksimum dərəcədə güc sərf etmək niyyətindəyik.

Düşünürəm ki, bunu 2024 və 2025-ci illərdə Əbu Dabidə mövsümün son hissəsində nümayiş etdirmişik – o vaxt təzyiq son dərəcə güclü olub. Sadəcə bütün sahələrdə irəliləyiş əldə etməyə çalışacağıq və ümid edəcəyik ki, bu, istədiyimiz nəticəni qazanmağa imkan verəcək.

Düzünü desəm, hazırda təzyiq əvvəlki iki mövsümlə müqayisədə heç də az deyil və bu, özlüyündə maraqlıdır. Qarşıda daha üç yarış var və bu, yaxşıdır, çünki mümkün qədər çox xal qazanmağa çalışmaq üçün kifayət qədər vaxtımız olacaq.

Braziliyada maşınımızda bir neçə yaxşı texniki yenilik tətbiq olunub, buna görə də Las Veqasda onların maksimum səmərə ilə işləməsi üçün çox çalışmalı olacağıq. San Pauluda maşın düzgün sazlanıb və indi bunu Veqasda təkrarlamağa çalışmalıyıq, çünki bizi orada xeyli daha soyuq hava gözləyir, ilişmə səviyyəsi isə çox aşağı olacaq. Üstəlik, şəhər trası öz xüsusiyyətlərinə görə xeyli fərqlənir.

Bu maşınlarla artıq bir ilə yaxındır işləyirik və bu müddətdə MCL40 çox ciddi şəkildə təkmilləşdirilib. Texniki yeniliklər sayəsində maşının davranışı dəyişib və demək olar ki, hər dəfə buna uyğunlaşmalı, müəyyən suallara cavab axtarmalı olmuşuq”.