Karun Çandhok: Rassell 2027-ci ildə itirdiyini qaytara biləcəkmi?

Corc Rassell 2026-cı ildə çempionluq titulunun əsas namizədi sayılıb, lakin Mercedes komandasındakı gənc komanda yoldaşı Kimi Antonelli daha təcrübəli britaniyalını bütün göstəricilər üzrə üstələyib.

Rassellin gələn mövsüm vəziyyəti öz xeyrinə dəyişə bilib-bilməyəcəyi barədə sual tamamilə məntiqlidir, çünki bu, onun gələcək karyerasını müəyyənləşdirəcək amilə çevrilə bilər.

Formula1-in sabiq sürücüsü, hazırda isə Sky Sports telekanalında şərhçi və ekspert kimi çalışan Karun Çandhokun fikrincə, iki əsas ssenari var: ya Rassell vaxtilə Niko Rosberqin bacardığını təkrarlaya biləcək və 2016-cı ildə olduğu kimi dünya çempionu olacaq, ya da onun karyerası daha çox Daniel Rikkardonun karyerasına bənzəyəcək.

“Yaxın 15 ayda – indiki andan gələn mövsümün sonuna qədər – nələrin baş verəcəyini görmək mənə çox maraqlıdır, – deyə Çandhok bildirib. – Rassellin qarşısında iki yol var: ya o, 2016-cı ildə Niko Rosberqin etdiyini edə biləcək, yəni komanda yoldaşına açıq şəkildə uduzduğu bu mövsümdən sonra daha yüksək səviyyəyə qalxıb titul qazanacaq.

Ya da hər şey onun üçün Daniel Rikkardonun vəziyyətinə bənzər şəkildə yekunlaşacaq. Daniel Red Bull Racing-də bir nömrəli sürücü idi, amma sonra komandaya Maks Ferstappen adlı o gənc gəldi və o, nəsildə bir dəfə rast gəlinən istedadlardan biri oldu. Nəticədə Daniel qərara gəldi ki, əgər bu oğlanı məğlub edə bilmirsə, başqa komandaya keçməlidir. Və o, Renault-nu seçdi.

Corc üçün də hər şey  məhz bu cür qurtaracaqmı, əgər o, qarşıdakı 15 ay ərzində belə bir qənaətə gəlsə: “Mən bu komandada bu oğlanı məğlub edə bilmirəm, deməli, başqa variant haqqında düşünməyin vaxtıdır”. Corcun hansı ssenarini seçəcəyini görmək mənə maraqlıdır”.

28 yaşlı Rassellin sözlərinə görə, bu mövsüm çox sayda problem ona mane olub və bütün gücü onların öhdəsindən gəlməyə sərf olunub, çünki il ərzində hər şeyin normal getdiyi cəmi altı uik-end olub.

“Şübhəsiz ki, onun doğrudan da komanda yoldaşı ilə müqayisədə daha çox çətinliyi olub, – deyə Karun davam edib. – Amma bununla yanaşı, öz etirafına görə, o, Antonelli qədər sürətli olmayıb. Ona görə də hesab edirəm ki, Kimi çempionatı məhz buna görə qazanıb, çünki Mercedes-in iki sürücüsü arasında ən sürətlisi o idi. Üstəlik, bu komandanın mövsüm boyu ən sürətli maşını olub.

Ancaq məncə, Kiminin vaxtından əvvəl çempion olması məhz Corcun daha tez-tez uğursuzluqlarla üzləşməsi ilə bağlı olub. Meksika mərhələsi sadəcə bütün bunların bir növ yekunu olub: Rassell ön sıradan start alıb, amma ilk dövrədə onun maşınındakı mühərrik lazımi gücü verməyib və o, bir neçə mövqe itirib, bundan sonra isə sadəcə trafikdə ilişib qalıb. Ümumilikdə, daha bir uğursuz yarış mövsüm ərzində baş verənlərin hamısına yekun vurub…”

,