Yürüş ABŞ-nin Viskonsin ştatında -17 dərəcə temperaturda baş tutub. 2011-ci il çempion Red Bull RB7-nin sükanı arxasına Formula1-in sabiq sürücüsü Patrik Frizaxer keçib, MotoGP motosikletini isə Dani Pedrosa idarə edib. Onlara rallikross çempionu Skott Spid, qar arabasında Qunnar Sterne və Pro 4 Truck seriyasının çempionu Endryu Karlson qoşulublar.

Donmuş gölün üzərində iştirakçılar üçün müxtəlif keçid variantları olan xüsusi tras salınıb. Şansları bərabərləşdirmək üçün buz üzərində sürüşə daha zəif uyğunlaşmış maşınlar üçün daha qısa daxili trayektoriyalar nəzərdə tutulub, qış şəraiti üçün hesablanmış texnika üçün isə daha uzun marşrutlar seçilib.
Dani Pedrosa şipli təkərlərlə təchiz olunmuş motosikletlə qələbə qazanıb. Patrik Frizaxer Red Bull RB7 ilə ikinci olub, üçüncü yer isə Qunnar Sterneyə qismət olub.

Patrik Frizaxer: “-17 dərəcə temperaturda təkərləri təkmilləşdirmək və klirensi artırmaq üçün bəzi dəyişikliklər etməli olduq. Növbəti dəfə Dani kimi daha uzun şiplərdən istifadə edərdim!
Maşını idarə etmək asan deyildi. Bəzən döngələrə həddindən artıq sürətlə girirdim, buna görə də ön sürüşmə yaranırdı və trasla ilişmə kifayət etmirdi. Şəraitə daim uyğunlaşmaq və sükanla dəqiq işləmək lazım idi”.





