Corc Rassell kartinq akademiyası açıb

Mercedes komandasının pilotu Corc Rassell Silverstounda avtoidmanda növbəti istedadlı nəslin inkişafını hədəfləyən öz kartinq akademiyasını açıb.

Akademiya GR63 adını alıb, yaşı 8-9 arasında olan gənc kartinqçilərin adları açıqlanıb. Onlar açıq seçmə yürüşləri ilə başlayacaq yarışlarda iştirak edəcəklər. Ən yaxşı 25 kartinqçi 2027-ci ilin martından noyabrına qədər tam maliyyələşdirmə ilə GR63 çempionatında iştirak etmək imkanı qazanacaq.

2027-ci ilin dekabrında ən yaxşı beş iştirakçı Silverstoun trasında keçiriləcək final yarışında mübarizə aparacaq. Pilotlar istedadları, dövrə vaxtları, fiziki hazırlıqları, yarış ustalıqları və media ilə işləmək bacarıqları əsasında qiymətləndiriləcəklər. Qalib 2028-ci ildə kartinqdə tam ödənişli mövsüm qazanacaq.

Rassell proqram iştirakçılarına mentor və kurator kimi kömək edəcək.

Corc Rassell: “Mənim avtoidmandakı yolum kartinqdə başlayıb və karyeram boyu söykəndiyim hər şeyi orada öyrənmişəm.

Mən bilirəm ki, istedadlı gənc sürücülər üçün ilk şanslarını qazanmaq nə qədər çətindir, xüsusən də buna vəsait olmadıqda. GR63 Kartinq Akademiyası vasitəsilə mən öz töhfəmi vermək və istedadlı sürücülərə dəstək və potensiallarını açmaq üçün platforma təqdim etməklə onlara kömək etmək istəyirəm”.