ROKiT Williams Racing – Williams FW42

Williams komandası təqdimat mərasimini iki yerə ayırıb. Əvvəlcə Qrouvdakı bazada komandanın yeni titul sponsoru açıqlanıb - keçən il komanda ilə yollarını ayıran Martini-ni ROKiT şirkəti əvəz edəcək. Komanda bundan sonra ROKiT Williams Racing adlandırılacaq. Yeni maşının üzərində həm də Robert Kubitsaya sponsorluq edən polşalı neft şirkəti PKN Orlen-in loqotipinə də yer verilib.

F-1.az bildirir ki, ROKiT-in loqotipi maşının yan pantonlarına, arxa qanada və motor qapağına həkk olunacaq. Maşının yeni rəng çalarları bir çoxları tərəfindən tənqid edilsə də, Kler Uilyams bildirib ki, Frənk Uilyamsın xoşuna gəlib.

Mərasimin əsas mövzularından biri komandanın keçən il cəmi 7 xal toplayaraq Mühəndislər Kubokunda sonuncu yeri tutması olub. Çıxışlarda komandanın irəliyə doğru böyük addımlar atdığından bəhs edilib, lakin unutmaq lazım deyil ki, bir çox təcrübəli mütəxəssis keçənilki uğursuzluqdan sonra komandanı tərk edib.

Kler Uilyams: “Keçən il şok yaşadıq. Daha güclü olacağımıza əmin idik. Çox şey gözləyirdik, lakin vəziyyətin necə olduğunu görməyimiz üçün ilk yarışı gözləməyə ehtiyac qalmadı, artıq testlərdən hər şeyin pis olduğunu bilirdik. İnana bilmədim. Demək olar ki, bütün yarışlarda sonuncu olduq. Əlbəttə, Pəddi və texniki heyətlə dəfələrlə brifinqlərimiz oldu, lakin bunları ictimaiyyətə açıqlamayağam. Keçən il çətin oldu, lakin qışda komandanı qoruya bildik və bu da komanda ruhunu göstərdi. 2018-ci ildə yaşadıqlarımızla bir daha qarşılaşmaq istəmirik, lakin çox inkişaf etməli olduğumuzu da bilirik.

Zəif cəhətlərimizi bilirik. Pəddi Lou yaxşı komanda yığıb. Onlara lazım olan hər şeyi verdiyimizə əminəm, lakin hər şeydən ən yaxşı formada istifadə etmək lazımdır”.

Yeni FW42 Pəddi Lounun rəhbərliyi ilə yaradılıb və təcrübəli mütəxəssis təmkinli və nikbindir…

Pəddi Lou, komandanın texniki direktoru: “Williams-a vəziyyəti düzəltmək üçün gəlmişəm. Lakin Formula1 komanda oyunudur və uğur əldə etmək üçün komandanın güclü mütəxəssislərdən qurulması vacibdir. 2018-ci il bizim üçün çox çətin keçdi, lakin qəribə səslənsə də, həmin problemlər indi əldə etdiyimiz vacib dəyişikliklərə səbəb oldu.

Williams zəngin idman irsinə malikdir, lakin uğurların çoxu komandanın ilk 20 illiyində əldə edilib. Keçmiş uğurlar bəzən yük olur. Çünki dəyişikliklərə çox da imkan vermir, lakin dəyişikliklər, yeniliklər Formula1-in ayrılmaz hissəsidir. Muzeyimizdə gəzdikdə maşınların sürətlə yeniləndiyini, dəyişildiyini görə bilərsiz. Lakin bu, hər bir sahədə olmalıdır. Bu, daimi şəkildə olmazsa, özünüzü rəqiblərinizin arxasında tapacaqsız. Hamının bunu başa düşməsi və daha yaxşı çalışması gözəldir. Titul uğrunda mübarizə aparacağımıza söz vermirəm, lakin keçənilkindən daha yaxşı çalışacağımıza əminəm. Keçid dövrünü arxada qoyduq”.

Robert Kubitsa: “Keçən il uğursuz oldu, lakin unutmamalıyıq ki, komanda üçün olduqca önəmli bir il idi. Səhvlərdən nəticə çıxarmaq məcburiyyətində qaldıq və bunu etdik. Keçən il maşının çatışmayan cəhətlərini başa düşə bilmirdik. Bu ilə keçən ili başa vurduğumuz 10-cu yerdən başlayırıq. Əsas məsələ – maşının potensialını üzə çıxarmaqdır. Mən və Corc komandanı layiq olduğu yerə qaytarmalıyıq.

Digər komandaların nə hazırladığını bilmirik. Məsələlərə real yanaşmaq lazımdır – bu bizim üçün prioritet olmalıdır. Mövsümə sakit başlayacağımızı gözləyirik. Kaş ki, maşın təkcə sürətli yox, eyni zamanda etibarlı olaydı… Ümid edirəm ki, gözləntilərimiz reallaşacaq. Keçən il əsas problem maşının gözlənilənləri verməməsi idi.

Mövsümə sakit,normal start versək, diqqətimizi sürətlə irəliləmək üçün çalışmağa yönəldəcəyik. Formula1 dinamik idmandır, hər yarışda bir çox şey dəyişilə bilər. Doğru yolda olduğumuza əmin olmalıyıq”

Corc Rassel: “Karyeramın əvvəllərindən Formula1-dəyəm. İndi məni yeni vəzifə və mübarizə gözləyir. Mən hazıram. Mən hələ yeni maşını ancaq simulyatorda sınaqdan keçirmişəm. Aydındır ki, yaxşıya doğru dəyişikliklər dərhal baş verməyəcək. Komandanı əvvəlki səviyyəyə gətirmək uzunmüddətli layihə olduğu üçün təmkinlə, addım-addım irəliləməliyik”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*