Ancaq bizim dövrdə belə universallığa daha nadir hallarda rast gəlinib – hazırda dünya çempionatında çıxış edənlər arasında belə təcrübə ilə, olsa-olsa, yalnız Fernando Alonso öyünə bilər. Hərçənd digər bir veteran Niko Hülkenberqin hesabında da 2015-ci ildə Porsche sportprototipi ilə Le Manda qələbə olub.
McLaren komandasının banisi Bryus MakLaren köhnə məktəbin əsl peşəkarı olub, Formula 1-dən başqa dözümlülük yarışlarında da çıxış edib, üstəlik, Indy 500-ün startına çıxmaq planları da olub. İkiqat dünya çempionu Qrem Hill isə hələ də “Üçlü tac” adlanan uğura imza atan yeganə sürücü olaraq qalıb: o, Monakoda, Le Manda qalib gəlib və Indy 500-ü qazanıb.
Oskar Piastrini yaxın vaxtlarda McLaren komandasının Formula 1 maşınından başqa hansısa digər texnikanın sükanı arxasında görməyimiz çətin görünür, amma bu, avstraliyalı sürücünün başqa kateqoriyalarla maraqlanmadığı anlamına gəlmir. O, bu il İrlandiya dənizində yerləşən Men adasında adi yollarda keçirilən məşhur Isle of Man TT motoyarışına baş çəkib, vaxtilə MotoGP mərhələlərinə də gedib və doqquzqat dünya çempionu Mark Markeslə artıq neçə ildir tanışdır.
“Təbii ki, Mark Markesin çox uğurlu karyerası var, indi yenidən çempionluq titulu uğrunda mübarizə aparması isə, keçdiyi bütün çətinliklərdən sonra, ümumiyyətlə heyrətamizdir, – deyə Oskar McLaren-in mətbuat xidmətinə müsahibəsində bildirib. – Ralli də avtoidmanın əla növüdür və mənim fikrimcə, orada inanılmaz istedadlı uşaqlar çıxış edir. Orada risk dərəcəsi digər bütün kateqoriyalarla müqayisədə qat-qat yüksəkdir.
Formula 1-də də qorxu elementi var, amma rallidə bu, daha güclü hiss olunur, çünki bir səhvə yol versən, ya ağaca çırpılacaqsan, ya da maşının uçuruma yuvarlanacaq. Orada risklər açıq-aşkar daha böyükdür. Ona görə də mənim üçün ralli kompüter oyunları oynamaq tam kifayətdir. Real həyatda rallidə çıxış etməyə hazır deyiləm – heç olmasa, Formula 1 karyeramı başa vurana qədər.
Bununla belə, bəzi yarış bacarıqları hər iki kateqoriyada tətbiq oluna bilər, çünki həm F1-də, həm də rallidə uyğunlaşmaq bacarığı vacibdir. Rallidə buna ehtiyac var, çünki şərait və örtüyün vəziyyəti daim dəyişir. F1-də də şərait çox ciddi şəkildə dəyişə bilər və sən yağış altında suya qərq olmuş trasda bolidi idarə etməyi bacarmalısan, eyni zamanda təkərlərin deqradasiyaya məruz qaldığı vaxt onların davranışına və bakdakı yanacağın həcmi azaldıqca yüngülləşən maşının davranışına uyğunlaşmalısan.
Daha bir ortaq cəhət isə instinktlərə əsaslanaraq pilotaj etməkdir, çünki maşından maksimum nəticə almaq üçün öz gücünə tam əmin olmalısan.
Amma düşünmürəm ki, ovallarda yarışmaq və Indy 500-də iştirak etmək mənlikdir. Əgər Indianapolis avtodromunda divara çırpılsan, bu, çox ciddi qəza olacaq, çünki orada sürətlər həddən artıq yüksəkdir. Bundan başqa, bu yarışın özəlliyi ondadır ki, məsafənin böyük hissəsində tempi cilovlamalı, yanacağa qənaət etməli və ümumiyyətlə problemlərdən yayınmağa çalışmalısan, hər şey isə təxminən son 50 dövrədə başlayır”.
McLaren-in zavod komandası WEC-in Hypercar kateqoriyasında debütə hazırlaşır və Oskardan dözümlülük yarışları barədə soruşulanda o deyib: “Əgər söhbət WEC-dən gedirsə, burada mənim üçün həmişə bir maraqlı məqam olub: mən oturacağıma və kokpitdəki oturuş vəziyyətimə çox tələbkar yanaşıram. Ona görə də bilmirəm, kokpiti daha kiminləsə bölüşmək xoşuma gələr, ya yox.
Amma hesab edirəm ki, dözümlülük yarışları maraqlıdır. Və əlbəttə, Le Man həqiqətən parlaq hadisədir”.





