Jurnalistin Lekleri təhqir etdiyinə görə akkreditasiyası ləğv olunub

FIA Formula 1 mövsümünün sonunadək Britaniyanın Daily Mail nəşrinin jurnalisti Conatan MakEvoyun akkreditasiyasını Ferrari-nin sürücüsü Şarl Leklerin ünvanına təhqiramiz şərhinə görə ləğv edib.

MakEvoyun sözlərinə görə, buna səbəb onun Leklerin Lyuis Həmiltonla toqquşmasına həsr olunmuş müəllif köşəsində moneqask sürücü haqqında yazdıqları olub. Jurnalist Şarlı “alçaq balaca yaramaz” adlandırıb, növbəti yazıda isə bu qeydin zarafatla, yüngül və sərbəst üslubda edildiyini izah edib.

Daily Mail-də təsdiqləyiblər ki, cümə axşamı FİA MakEvoyu mövsümün Las Veqas, Qətər və Əbu Dabidəki son üç mərhələsi üçün akkreditasiyadan məhrum etdiyini ona bildirib. MakEvoy FİA-nın baş katibi Alberto Vilyarrealdan belə məzmunlu məktub alıb: “FİA hesab edir ki, sizin məqaləniz Formula1 üzrə dünya çempionatını işıqlandırmaq üçün akkreditasiya olunmuş media nümayəndələrindən gözlədiyimiz peşəkar standartlara uyğun deyil”.

Öz növbəsində, Daily Mail-in idman şöbəsinin rəhbəri Kris Din FİA-nın qərarını kəskin tənqid edib.

“Bu, mətbuat azadlığına misli görünməmiş və biabırçı hücumdur, – deyə Din yazıb. – Əgər FİA sürücülərdən birinə ünvanlanmış kifayət qədər yumşaq və ədalətli tənqidə bu qədər sərt reaksiya verirsə, biz təhlükəli yola qədəm qoyuruq”.

Akkreditasiyadan məhrum edilməsindən bəhs etdiyi yeni köşəsində Conatan MakEvoy FİA-ya onun haqqında məhz Frederik Vassyörün “xəbər çatdırdığını” iddia edib və Ferrari komandasının rəhbərini “kök, dəyərsiz biri” adlandırıb.

“Xısın-xısın gülən təlxəkdir, dünyanın ən nüfuzlu komandasında üzərinə düşən rola qətiyyən uyğun deyil. Üstəlik, xasiyyəti də davakardır. Mən ona heç dözə bilmirəm, o da mənə”, – MakEvoy Frederik Vassyör barədə fikirlərini belə yekunlaşdırıb.

, , ,