Kimi Antonelli İtaliya prezidentinin qəbulunda olub

Formula1 tarixinin ən gənc dünya çempionu olmuş Kimi Antonelli İtaliya Prezidenti Sercio Mattarella tərəfindən təntənəli qəbula dəvət olunmaq şərəfinə layiq görülüb və Mercedes komandasının sürücüsü dünən Romanın mərkəzində dövlət başçısının iqamətgahı yerləşən tarixi Quirinal Sarayında olub.

Qəbul özəl xarakter daşıyıb, Kimi ailəsi ilə birlikdə dəvət olunub – onu valideynləri və kiçik bacısı Meqqi müşayiət ediblər. Antonelli İtaliya Respublikasının prezidentinə çempionluq mövsümündə istifadə etdiyi dəbilqələrdən birini, həm də vizorunda ithaf yazısı ilə təqdim edib.

20 yaşlı sürücü ilə 85 yaşlı siyasətçi arasında söhbət baş tutub, bu söhbət zamanı Antonelli ölkə prezidentini Monzadakı İtaliya Qran Prisiyə dəvət edib. Gazzetta dello Sport-un yazdığına görə, Sercio Mattarella buna böyük həvəslə reaksiya verib: “Monzaya sonuncu dəfə gəlməyimdən çox illər keçir. Səyahət etmək getdikcə çətinləşir, amma bu yeni vəziyyət mənə çox cəlbedici görünür”.

Dünən prezident sarayındakı qəbuldan sonra Kiminin ixtiyarında çox az vaxt olacaq və o, bu vaxtı ailəsinə və dostlarına həsr etməyi planlaşdırıb, artıq şənbə günü isə ABŞ-yə yola düşməlidir. Bir həftə sonra orada Las Veqas Qran Prisi  keçiriləcək.

Mövsümün 21-ci mərhələsində Antonelli çempionatda onuncu qələbəsi uğrunda mübarizə aparmaq niyyətindədir, amma istisna deyil ki, orada mühərrikin dəyişdirilməsinə görə cərimə ala bilər. Lakin bu şəhər trasında ötmə etmək kifayət qədər mümkündür, Monzada isə Kimi yarışda 19-cu yerdən start alaraq qalib gəlib, buna görə Las Veqasda da onun yaxşı nəticə üçün şansları olacaq.