Horner: Aydın hiss olunurdu ki, hər şey tamamilə başqa cür olub

Kristian Horner etiraf edib ki, Formula1-də Red Bull Racing və Maks Ferstappenin tam hökmranlığı dövründə şəxsən özü xüsusi sevinc hiss etməyib - Milton Kinsdən olan komandanın keçmiş rəhbəri bu barədə High Performance podkastında danışıb.

Hornerin sözlərinə görə, Red Bull-la yollarını ayıranda komandanın ətrafındakı ab-hava iyirmi ildən çox əvvəl orada işə başlayanda olduğu kimi olmayıb.

“Təbii ki, gərginlik artırdı, hər şey dəyişib və mən bu idmana, bu komandaya gəldiyim dövrlə müqayisədə hər şeyin tamamilə fərqli olduğunu kifayət qədər aydın hiss edirdim, – deyə Kristian bildirib. – Həmin iclasdan sonra (orada Hornerə işdən çıxarıldığı elan olunub) maşına oturub həyat yoldaşıma zəng edəndə və nə baş verdiyini izah edəndə birdən-birə böyük bir yüngüllük hiss etdim.

İnanılmaz dərəcədə kədərli əhvali-ruhiyyədə evə gedirdim və düşünmək imkanım oldu. Tam səmimi desəm, elə bir dövr oldu ki, biz ard-arda hər şeyə qalib gəlirdik, amma məhz o vaxt həyat yoldaşım dedi ki, məni heç vaxt bu qədər bədbin görməyib.

Bunu belə bir şeylə müqayisə etmək olar: sən dağın zirvəsinə qalxmağa can atırsan, amma ora çatanda anlayırsan ki, orada heç nə yoxdur. Məndə də təxminən belə hisslər olub və əlbəttə, Formula1-də təzyiqin səviyyəsi həmişə son həddə yüksək olur”.

Hornerin danışdığı dövr 2023-cü il olub. Həmin il Ferstappen üçüncü tituluna gedən yolda 22 yarışdan ibarət mövsümdə 19 qələbə qazanıb. Amma məhz həmin vaxt Red Bull şirkətinin banisi Ditrix Mateşiçin 2022-ci ilin oktyabrında vəfatından sonra şirkət daxilində fikir ayrılıqları başlayıb.

Hornerdən komandada işlərin çox uğurlu getdiyi bir vaxtda bu qədər mənfi əhvalın səbəbini izah etməsi istəniləndə o belə cavab verib: “Düşünürəm ki, hər şey nisbidir və bunu həyatın çox fərqli tərəfləri haqqında da demək olar. Əgər insan özündən və gördüyü işdən razıdırsa, onda hər şey xeyli asan olur. Amma o vaxt komandamızda və ümumilikdə biznesdə çox ciddi dəyişikliklər baş verirdi.

Yeni təzyiq mənbələri yaranmışdı və Ditrix Mateşiçin gedişindən sonra bu yeni dünyanın necə olacağı tam aydın deyildi. O, qaçılmaz olaraq fərqli olmalı idi və birdən məlum oldu ki, yarışlara tam köklənmək əvəzinə, başqa məsələlərin həllinə diqqət ayırmaq və siyasətlə məşğul olmaq lazım gəlib. Ancaq belə şeylər bir çox təşkilatda baş verir”.