FİA və motor istehsalçıları V8 mühərriklərinə keçidi müzakirə ediblər

Bu gün Formula1 V8 mühərriklərin geri qayıdışı istiqamətində mühüm addım ata bilər: FİA qarşıda texniki reqlamentə edilməsi vacib olan dəyişiklikləri müzakirə etmək üçün güc qurğusu istehsalçılarını bir araya yığıb.

Bir neçə ay ərzində federasiyanın, çempionat komandalarının və sürücülərin iştirakı ilə müzakirələr davam edib, Formula1-in inkişafının növbəti mərhələsində reqlamentin necə olmalı olduğu ilə bağlı müxtəlif fikirlər səslənib, lakin indi motor istehsalçıları bunun əsasında öz rəsmi təkliflərini hazırlayıb. Məhz həmin təkliflər bu gün FİA-nın təşkil etdiyi görüşdə müzakirə olunacaq.

The Race-in məlumatına görə, görüş iştirakçıları artıq bir sıra ümumi məsələlər üzrə razılığa gəlib və yeni nəsil mühərriklərin daha ucuz, konstruksiya baxımından daha sadə və azarkeşlər üçün daha cəlbedici olması üçün reqlamenti dəyişməyə hazırdır.

Ətraflı müzakirələr hələ irəlidə olsa da, əsas ideya ondan ibarətdir ki, gələcəyin güc qurğularının əsasını 2.1 litrlik V8 daxiliyanma mühərrikləri təşkil etməlidir. Belə konfiqurasiya işlənmə xərclərini minimuma endirməyə imkan verəcək, çünki mövcud 1.6 litrlik 6 silindrli DYM-lərə sadəcə iki silindr əlavə etmək kifayət edəcək.

Həmçinin ehtimal olunur ki, yeni mühərriklər daha kiçik ölçülü turbinlə təchiz olunacaq, bununla yanaşı, üfürmə təzyiqi azaldılmalı, hibrid hissə isə daha az güclü olmalıdır. Onun gücünün indiki 350 kVt-dan 200 kVt-a endirilməsi müzakirə olunur, lakin sürücülərin daimi istifadəsində yalnız 100 kVt olacaq, daha 100 kVt isə ötmə rejimində istifadə oluna bilər.

Bununla belə, müzakirə prosesində irəli sürülən bütün təkliflər dəstək qazanmayıb, məsələn, baza güc qurğusunun yaradılmasını hansısa kənar hazırlayıcıya həvalə etmək ideyası rədd olunub, motor istehsalçılarının vəzifəsi isə mühərrikin müstəqil şəkildə təkmilləşdirilməsi və modernləşdirilməsinə endirilməli idi.

Bundan başqa, vacib mövzulardan biri də müzakirə olunan planların həyata keçirilmə vaxtı məsələsi olaraq qalır. İlkin olaraq hesab olunurdu ki, hazırkı reqlament 2030-cu il də daxil olmaqla qüvvədə qalacaq, lakin FIA prezidenti Muhəmməd ben Sulayem dəfələrlə bildirib ki, V8 mühərriklərinin artıq 2030-cu ildə qayıdacağına ümid edir.

,