Maks start-finiş düzündə 14-cü döngədən əvvəl Rasselli arxada qoyub, Mercedes sürücüsü isə mövqeyini geri qaytarmağa çalışanda Ferstappen Corca yer verməyib. Lakin artıq 14-cü döngə qarşısında əylənmə zamanı Mercedes sürücüsü daxili trayektoriyanı tutub, onlar yanaşı şəkildə döngəyə daxil olub və daha sonra təkərlər təmas edib.
Red Bull Racing-in sürücüsü rəqibinə orta barmağını göstərməyə də macal tapıb, lakin stüardlar həmin epizodda Rassellin tərəfini saxlayıb və Ferstappenə xəbərdarlıq edib.
Corcun seçmə mərhələsindən sonra Rasselldən həmin insidenti şərh etməsi istəniləndə, Mercedes sürücüsü Ferstappenə dərs vermək qərarına gəldiyini bildirib.
“Düşünürəm ki, xəbərdarlıq kifayət idi, – deyə Corc Rassell Sky Sports-un efirində bildirib. – Qaydalarda heç yerdə yazılmayıb ki, sürətli dövrəsinə başlayan sürücünü ötmək olmaz. Amma bunu etməklə onun dövrəsini vurmasına mane olursan. Maks bunu daim edir, demək olar ki, hər mərhələdə, həm də təkcə mənə qarşı yox, digər sürücülərə qarşı da. Hamı da buna dözür.
Mən özümə bu cür münasibəti səssizcə qəbul etmək və kiminsə özünü hamıdan üstün, hamıdan yaxşı aparmasına imkan vermək fikrində deyiləm. Kimsə ona cavab verməli idi”.





