Həcər: Potensialını görən birinin olması vacibdir

Kimi Antonelli və İshaq Həcər Formula1-də eyni vaxtda debüt ediblər, lakin fransalı sürücü 2024-cü ildə Formula2-də mövsümü vitse-çempion kimi başa vurubsa, Kimi həmin ili şəxsi hesabda 6-cı yerdə tamamlayıb, qələbələrinin sayı da iki dəfə az olub - dördə qarşı iki.

Amma indi Antonelli Mercedes-lə birlikdə dünya çempionluğunu qazanıb, Red Bull Racing-də çıxış edən Həcər isə hələlik qələbələrinin hesabını aça bilməyib və bu mövsüm cəmi üç dəfə, o cümlədən San Pauluda podiuma yüksəlib.

İshaqdan gənclər seriyalarında Kimi ilə rəqabət apardığı dövrlər barədə soruşanda, o, səmimi şəkildə etiraf edib: “Keçmişdə Formula2-nin vitse-çempionu olmağım qətiyyən heç nə ifadə etmir. F2 dünyası heç də ən ədalətli şəkildə qurulmayıb. Daha vacib olan başqa məsələdir – yanında sənin əslində nəyə qadir olduğunu anlayan bir insanın olması.

Bu baxımdan mənim bəxtim gətirib, belə bir insanım var idi – Helmut Marko. Həmin günü yaxşı xatırlayıram: anam mənə zəng edib dedi ki, doktor Marko mənimlə görüşmək istəyir (söhbət 2020-ci ildən gedir, o vaxt Həcər Fransa F4-də çıxış edirdi). Görüş oteldə baş tutub və o, sadəcə deyib ki, mənə müqavilə göndərəcək. Vəssalam.

Red Bull-da mənim üçün bir növ plan hazırlayıblar: Formula3-də çıxış etməli idim və yaxşı nəticələr qazansaydım, dərhal sonra Formula2-yə keçməli olacaqdım”.

F2-də 2023-cü ildəki debüt mövsümündə qələbə olmayıb və İshaq yalnız bir dəfə podiuma yüksəlib, amma Red Bull-da ona inanmaqda davam ediblər və növbəti mövsümdə o artıq titul uğrunda mübarizə aparıb, ta ki mövsümün finalında onun maşınında mühərrik sıradan çıxana qədər. Həmin vaxt çempion Qabriel Bortoleto olub.

“Bütün bunlar yalnız onu göstərir ki, sənin real potensialını görən peşəkarlar lazımdır”, – deyə Həcər yekun vurub.

Keçmiş Formula1 sürücüsü, hazırda isə Avstriyanın Motorsport Magazin nəşrinin eksperti olan Kristian Danner 22 yaşlı parislinin perspektivlərini yüksək qiymətləndirir: “Bəzən o, Maksa bir saniyə uduzur, amma elə növbəti anda fərqi iki onluğa endirir.

Məsələ bundadır ki, İshaq hələ də maşınla mübarizə aparır. Amma o, daha yaxşı uyğunlaşan kimi və komanda sazlanmaları müəyyən edən kimi, sürətini artıra biləcək. Məncə, Həcər çox yüksək səviyyəli sürücüdür”.

, ,