Vassyör: Hər şey təkərlərin temperaturu və sürət çatışmazlığı ilə bağlı olub

Ferrari komandasının rəhbəri Frederik Vassyör San Pauluda uğursuz alınmış həftəsonunun yekunlarını açıqlayıb…

Frederik Vassyör: “Bəzi texniki məqamlara dərindən varmaq istəmirəm, amma sözsüz ki, məsələ böyük ölçüdə təkərlərin temperaturu ilə bağlı olub. Yarışın müəyyən hissələrində və bəzi şəraitlərdə işimiz daha çətin alınıb. Şarlın Soft-la stintin əvvəlindəki sürəti ilə eyni dəstdə son dövrələrdəki tempi arasında çox böyük fərq olub, o zaman o, demək olar ki, yeni təkərlərlə gedən sürücülər qədər sürətli olub.

Təkərlərlə bağlı problemlər yarananda, onların nəticəyə təsiri həmişə yeniliklərin və ya maşının xüsusiyyətlərinin effektindən qat-qat böyük olur. İstənilən yenilikləri gətirə bilərsiniz, amma təkərlərlə hər şey qaydasında deyilsə, onlar kömək etməyəcək – təkərlərə görə hər dövrədə yarım saniyə itirə bilərsiniz, yeniliklər isə yalnız saniyənin onda birləri qədər qazanc verir.

Bu həftəsonu bəzi məqamlarda tempi saxlaya bilmişik, digər anlarda isə çox geri qalmışıq. Cərimələrə görə son sıralardan başlamaq və maksimal sürətdə hələ də uduzmağımız da əlavə problem yaradıb. Quru trayektoriya yalnız bir xətt üzərində olanda, itiriləni geri qazanmaq son dərəcə çətin olur, buna görə də pelotonun sonunda qalmışıq.

Cəriməni əvvəlcədən bilirdik və belə hallarda həftəsonuna yanaşma həmişə bir qədər dəyişib. Cümə günü müəyyən çətinliklərimiz olub, şənbə günü vəziyyət bir qədər yaxşılaşıb, amma nəticə bir neçə amilin birləşməsindən doğub: maksimal sürətlə bağlı problemlər, təkərləri işçi temperatura çatdırmaq çətinliyi və pelotonun sonundan start almaq. Biz strategiya hesabına itiriləni qaytarmağa çalışmışıq.

Həmiltonun sliklərə erkən keçmək istəyi? Baxsaq, Alonso növbəti dövrədə intermediates təkərlərlə daha sürətli olub. Biz qabaqlayıcı addım ataraq Lyuisi boksa çağırmışıq – bu, aqressiv qərar olub və bəlkə də, həddindən artıq aqressiv.

Mən Mercedes-i bu ilki uğuru münasibətilə təbrik edirəm. Hər komanda qalib gəlməyi arzulayır. Mövsümün əvvəlində biz də qarşımıza belə məqsəd qoymuşduq, amma artıq ilk düzlükdə bunun asan olmayacağını başa düşmüşdük. Hesab edirəm ki, komanda mühərrikin təkmilləşdirilməsi üzərində böyük iş görüb.

Şassinin səmərəliliyi ilə bağlı sualımız yoxdur, baxmayaraq ki, həmişə daha artığına nail olmaq mümkündür. Bir daha Mercedes-i təbrik edirəm – və gələn mövsümdə yeni mübarizəyədək!”