Toto Volff: Mercedes-də hər kəs titulun qazanılmasına töhfə verib

San Pauluda Mercedes komandası 2026-cı il mövsümündə Mühəndislər Kubokunu vaxtından əvvəl rəsmiləşdirib. Bu, komandanın tarixində doqquzuncu belə uğur və 2021-ci ildən bəri ilk belə nəticə olub. Həmin vaxt Brəklidən olan kollektivin heyətində hələ Lyuis Həmilton və Valtteri Bottas çıxış edirdi.

İnterlaqosda yarışın finişindən sonra Mercedes-in başçısı Toto Volff komandanın uğurunu şərh edib.

Toto Volff: “İnsan çətin dövrlər yaşayanda, belə məqamlar isə hər kəsin həyatında olur, irəliləməyə davam etmək çox asan olmur. Geriyə baxanda anlayırsan ki, bu sınaqlar həm insan, həm də komanda kimi böyüməyimiz üçün lazım imiş. Amma həmin vəziyyətin içində olanda bunu dərk etmək çətin olur.

Son dörd il bizim üçün çox asan keçməyib. Əvvəl səhvlər edirdik, sonra nədə səhv etdiyimizi anlamağa çalışırdıq, daha sonra isə məlum olurdu ki, səbəbləri yenə də tam aydınlaşdıra bilməmişik. Daim bir tərəfdən o biri tərəfə atılırdıq.

On və ya iyirmi ildən sonra geriyə baxacağıq və nəticələrə əsaslansaq, bu dörd ilin komanda üçün uğursuz alındığını demək olmaz. Çempionatda ikinci, ikinci, üçüncü və dördüncü yerləri tutmuşuq, yarışlar qazanmışıq, özü də az yox. Yalnız rəqəmlərə baxsaq, hər şey elə də pis görünmür, amma hisslər tamam başqa idi.

Düşünürəm ki, bu uğurda komandanın və ən çətin anlarda belə bir yerdə qalan insanların dözümlülüyü mühüm rol oynayıb.

Yenidən şəxsi hesabda və Mühəndislər Kubokunda çempion olmaq çox xoşdur. Az sayda idman komandası bir neçə çempionluq mövsümündən sonra çətin dövr keçirib, sonra isə zirvəyə qayıda bilib. Formula1-də bunu bacaran komandalardan biri olmağımızla çox qürur duyuram.

Bəzən elə görünür ki, hər şey sürücülərdən və ya məndən asılıdır, çünki telekameralar qarşısında daim biz görünürük, amma bu uğurun arxasında çox böyük sayda insan dayanır. Mən həmişə deyirəm ki, bizdə iki superulduz – sürücü yoxdur, 2 500 superulduz var. Hər kəs öz işini əla görür və hər birimiz bu çempionluq uğuruna töhfə vermişik”.