Lando Norris: Yenidən podiumun zirvəsinə qayıtmaq əla hissdir

Lando Norris Qran Pri San Paulu yarışında mövsümdəki üçüncü qələbəsini qazanıb və Braziliyanın klassik trasında keçirilən yarışın çətin şərtlərinin öhdəsindən hamıdan yaxşı gəlib. Düzdür, mükafatlandırma mərasimində podiumda ənənəvi şampan növbəsinə çatanda Lando bir az həddini aşıb və butulkanı sındırıb, amma bu, sadəcə hamının əylənməsinə səbəb olub.

Lando Norris: “Çox çətin yarış idi! Startda yerimdən ən yaxşı şəkildə tərpənmədim və ümumiyyətlə, belə hava şəraitinə görə bu gün kifayət qədər çətinlik oldu.

tras hələ yaş olarkən sliklərə keçmək həmişə çətindir, xüsusən də ilk yer uğrunda mübarizə aparırsansa və liderə çatmağa çalışırsansa. Bu gün ən çətini sakitliyi qorumaq və səhvlərə yol verməmək idi, amma lazım olanda yaxşı temp saxlaya bildim.

Yenidən podiumun ən yüksək pilləsinə qayıtmaq əladır, üstəlik, bu trasda! Əlimdən gələni edirəm: bu həftəsonu poul qazanmaq və yarışı udmaq imkanımız var idi və mənə elə gəlir ki, bu il əksər hallarda belə şanslarımız olanda onlardan istifadə etmişəm və biz onları əldən verməmişik.

Komandamıza təşəkkür etməliyəm, çünki onlar gərgin işləməyə davam edirlər. Onlar üçün yaxşı nəticə qazanmaq alınmayanda insan məyus olur, son bir neçə həftədə də məhz belə idi, amma bu həftəsonu onlar üçün nəsə edə bildik – qoy bu, onların əməyinə mükafat olsun! Ancaq mövsümün sonuna qədər hücum etməyə və sonadək mübarizə aparmağa davam etməliyik!”