Alonso: Bazar günü yağış mənim üçün daha sərfəli olar

San Paulu sıralanma turunda Fernando Alonso mövsümdə ilk dəfə final sessiyasına vəsiqə qazanıb və son dərəcə çətin hava şəraitində ustalığını nümayiş etdirib. Aston Martin bolidi yalnız yaş trasda fərqlənməyə imkan verir və ikiqat dünya çempionu bundan maksimum yararlanıb. O, 9-cu nəticəni göstərib, lakin rəqiblərinin aldığı cərimələrdən sonra yarışa 8-ci yerdən start verəcək.

Fernando Alonso: “Şərait çətin olub, amma bura İnterlaqosdur! Bilirsiniz ki, bu trasda çıxışlarla bağlı zəngin təcrübəmiz var, amma əsas çətinlik onda olub ki, bu nəsil maşınlarla yağışda demək olar ki, heç sürməmişik.

Həm güclü yağış təkərləri, həm də aralıq təkərlər bu il dəyişib, buna görə də hələ də eksperimentləri davam etdiririk, çünki mövsümün əvvəlki mərhələlərində belə təkərlərdə kifayət qədər çox dövrə vurmamışıq.

Risk etməyə və aralıq təkərlərə ilk keçən tərəf olmağa qərar verdik, amma düşünürəm ki, güclü yağış təkərlərində də kifayət qədər yaxşı dövrə vura bilmişəm. Amma heç nəyi dəyişməsəydik, çətin ki, sıralanma turunun finalına keçə bilərdik.

Hava hamıya cəmi iki sürətli dövrə vurmağa imkan verib. Amma birincidə təkərlərim hələ tam soyuq olub və ümumiyyətlə ilişmə olmayıb, ikincidən danışsaq, artıq ilk dövrədə həddindən artıq çox enerji sərf etmişəm, çünki elə bilmişəm ki, yalnız bir sürətli dövrə vurmağa vaxtım çatacaq. Bu təcrübəni də gələcək üçün nəzərə almalı olacağam.

Əgər sabah hava yenə pis olsa, bizim müəyyən şansımız olacaq: yaş trasda ya axmaq bir səhvə görə mübarizəni dayandıra bilərsən, ya da xal qazana bilərsən. Düşünürəm ki, mövsümün bu mərhələsində risk etməyə üstünlük veririk. Ona görə də sabah yağışlı hava mənə daha çox sərf edər”.