Lyuis Həmilton: Şarlla bütün fikir ayrılıqlarını aradan qaldırmışıq

Lyuis Həmilton güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə San Paulu Qran Prisinin startında formal olaraq 75 yer itirməli idi, buna görə də sıralanma turu, sürücünün sözlərinə görə, Ferrari üçün test sessiyasına çevrilib. Buna baxmayaraq, Lyuis on birinci nəticəni göstərib və cəzalar tətbiq edildikdən sonra iyirminci yerdən start almalıdır.

Sesiyanın yekunlarını şərh edən Lyuis Həmilton Mexikoda Şarl Leklerlə mübarizə mövzusuna da toxunub. Yeddiqat dünya çempionunun sözlərinə görə, onlar komanda yoldaşı ilə hər şeyi müzakirə edib və fikir ayrılıqlarını geridə qoyublar.

Şarl Lekler final sessiyasına yüksəlib və orada dördüncü nəticəni göstərib. Lakin monakolu sürücü güc qurğusunun elementləri dəyişdirildiyi üçün startda on mövqe itirəcək.

Lyuis Həmilton: “Bu möhtəşəm trasda yağışlı havada sıralanma turunda maşın sürmək mənə çox xoş gəlir. Əlbəttə, trasda daha uzun qalmaq və digərləri ilə mübarizə aparmaq istərdim, amma üçüncü sərbəst yürüşdə problemlər yarandı və çox dövrə vura bilmədim.

Əslində, sıralanma turu mənim üçün belə şəraitdə maşının necə davrandığını anlamaq baxımından daha bir məşqə çevrilib. Bazar günü də yağış yağacağı halda bu, lazım olacaq.

Frederik Vassyör və Şarl ilə söhbət? Bilirsiniz, Frederikin burada heç bir aidiyyəti yoxdur. Şarl ilə özümüz oturub danışdıq, bütün fikir ayrılıqlarını həll edib yolumuza davam edirik. Biz hələ də bir-birimizə böyük hörmətlə yanaşırıq. Sevinirəm ki, danışdıq və hər şeyi arxada qoya bildik.

Əvvəlki kimi çox yaxşı yola gedirik. Bəzən bütün fikir ayrılıqlarını həll etmək üçün sadəcə danışmaq kifayət edir. Heç kimin tərəfindən heç bir tələb olmayıb – sadəcə nələri yaxşılaşdırmağın mümkün olduğu və bir-birimizi necə dəstəkləyə biləcəyimiz barədə fikirlərimizi bölüşdük. Ümid edirəm ki, bu dəfə yarış mənim üçün daha yaxşı alınacaq”.

Şarl Lekler: “Düzünü desəm, sıralanma turu pis keçməyib. Cərimə alacağımı bildiyimiz üçün daha çox risk etməyə və sazlanmalarla daha fəal eksperiment aparmağa imkanımız var idi. Dövrələr seriyası zamanı hətta düzəlişlər etmək üçün boksa da qayıdırdım.

Faktiki olaraq “qapalı park” rejimində işləməyimizə baxmayaraq, bəzi düzəlişlərə yenə də icazə verilir və onlar bizə bir çox məqamları anlamaqda kömək edib, buna görə də sıralanma turu məhsuldar alınıb.

Əlbəttə, dördüncü yer gözlədiyimiz nəticə deyil. Bununla belə, bizim maşınımızı yaş trasda idarə etmək həmişə asan olmur, amma bu gün bir neçə vacib məqamı anlamaq mümkün olub.

Meksikoda baş verənlərlə bağlı müzakirələr? Belə bir hadisədən sonra söhbətə mütləq ehtiyac var idi və bu söhbət baş tutub. Hər şeyi müzakirə etdik – hər kəs öz fikrini bildirib və bu, gərginliyi xeyli azaltmağa kömək edib.

Sonrakı addımlara gəlincə, hər şey son dərəcə aydındır. Təfərrüata varmaq istəmirəm və onsuz da həddən artıq uzun çəkmiş mövzunu yenidən alovlandırmağa qətiyyən çalışmıram”.

,