Alan Permeyn: Biz artıq qərar verməyə çox yaxınıq

Racing Bulls gələn mövsüm üçün heyəti rəsmən təsdiqlənməmiş yeganə komanda olaraq qalır, baxmayaraq ki, Arvid Lindbladın yerini qoruyub saxlayacağına, demək olar, heç bir şübhə yoxdur. Alan Permeynin sözlərinə görə, komanda indi sürücü seçiminə keçmişlə müqayisədə daha ölçülü-biçili yanaşmaya üstünlük verir.

“Red Bull-un çox uğurlu gənclər proqramı var və mən onu tənqid etmək istəmirəm, – deyə Faensadan olan komandanın rəhbəri dünən San Pauluda keçirilən mətbuat konfransında bildirib. – Amma məncə, bəzən sürücülərə uyğunlaşmaq üçün kifayət qədər vaxt verilməyib, bəzi qərarlar isə tələsik xarakter daşıyıb.

Biz isə bir növ elmi yanaşma tətbiq etməyə çalışırıq və buna vaxt lazımdır. Ona görə də hər şeyi öyrənib, təhlil edib və götür-qoy edirik, bunun üçün də vaxtımız var. Tələsməyə ehtiyacımız yoxdur və mən tam əminəm ki, düzgün qərar qəbul olunacaq.

Başa düşürəm ki, bu, sürücüləri məyus edir, amma biz hər şeyi düzgün etmək istəyirik və bunu da düzgün edəcəyik. Əminəm, yaxın həftələrdə qərarımızı açıqlayacağıq və hamı razı qalacaq”.

Əgər Lindbladla müqavilənin uzadılacağını aksioma kimi qəbul etsək, digər iki namizəd Liam Louson, yəni britaniyalı debütant Racing Bulls-un hazırkı komanda yoldaşı, və Formula2-də çıxış edən, Red Bull gənclər proqramının üzvü olan sürətli bolqar sürücü Nikola Tsolov olaraq qalır. Üstəlik, onun gənclər seriyasında titul qazanmaq şansı yüksəkdir, xüsusən də şəxsi зачётda lider olan Rafael Kamara mövsümün qalan mərhələlərini buraxacaq, çünki artıq Formula1-də Haas üçün çıxış edəcək.

Permeyndən sürücü seçimində hansı meyarları əsas götürdükləri soruşulanda o belə cavab verib: “Əsas amillər, həmişə olduğu kimi, temp və sürətdir. İlk növbədə məhz buna baxırıq. Amma komandamızın vəzifəsi yalnız yarışlarda çıxış etməkdən ibarət deyil – biz gənc istedadların yetişdirilməsi ilə məşğuluq və bunu da nəzərə almaq lazımdır…

Ümumilikdə bizi asan olmayan bir qərar gözləyir və başa düşürəm ki, sürücülərimiz bu vəziyyətə görə narahatlıq keçirə bilər. Amma hər ikisi əla nəticələr göstərir, ona görə də bilmirəm, bəlkə də bu narahatlıq onların xeyrinə işləyir. Ola bilsin, daha da yaxşı çıxış edirlər, bilmirəm.

Dəqiq tarix deyə bilmərəm, amma biz artıq qərarın qəbuluna yaxınıq, ona görə də çox gözləmək lazım gəlməyəcək”.

Bununla belə, Permeyn hər hansı ad çəkməkdən imtina edib, jurnalistlərdən biri ona Tsolov barədə sual verəndə isə belə cavab verib: “İstənilən qərar mümkündür. Nə etdiyimizlə bağlı sizə hansısa ipucu vermək fikrində deyiləm, çünki açığı, qərara yaxınıq, amma o, hələ qəbul olunmayıb. Bu kontekstdə nəsə demək istəmirəm, amma cəhdiniz pis deyildi”.

, , ,