Alan 2024-cü ilin yanvarında komandaya idman direktoru kimi qoşulub, 2025-ci ilin iyulunda isə komandanın rəhbəri təyin olunub. O vaxtdan bəri komanda Niderland Qran Prisində podium qazanıb və ötən il Mühəndislər Kubokuda altıncı yeri tutaraq əvvəlki ən yaxşı nəticəsini təkrarlayıb. Hazırda komanda Mühəndislər Kubokuda beşinci yer uğrunda mübarizə aparır ki, bu da onun tarixindəki ən yaxşı nəticə olacaq.
Oliver Mintslaff, Red Bull-un korporativ layihələr və investisiyalar üzrə direktoru: “Alan öz işinin öhdəsindən əla gəlir, komandanın əldə etdiyi tərəqqi onun təcrübəsinin, işinə sadiqliyinin və mübarizə ruhunun birbaşa nəticəsidir. O, Formula1-də uğur qazanmaq üçün nəyin lazım olduğunu aydın şəkildə anlayır, soyuqqanlılıq nümayiş etdirir və insanlara davamlı olaraq ən yaxşı nəticələri göstərməyə imkan verən mühit yaradır.
Visa Cash App Racing Bulls-un son mövsümlərdə qazandığı nəticələr komandanın işinin gücünü və səmərəliliyini vurğulayır. Alan bu tərəqqidə əsas rol oynayıb və qarşıdakı illərdə bu uğuru inkişaf etdirmək istədiyimiz bir vaxtda onun komandaya rəhbərlik etməyə davam edəcəyinə görə çox şadıq.
Komersiya məsələləri üzrə icraçı direktor vəzifəsini tutan Piter Bayerlə birlikdə Alan güclü və təcrübəli rəhbərlik komandası formalaşdırır. Onlar bir-birini çox yaxşı tamamlayır, öz güclü tərəflərini və baxışlarını təşkilata gətirirlər. Komandanın gələcək inkişafı və onun uzunmüddətli ambisiyalarının reallaşdırılması üçün aydın təməl yaradan belə sabitliyin və varisliyin bizdə olmasına sevinirəm”.
Alan Permeyn, komandanın rəhbəri: “Komanda ilə bu yolu davam etdirdiyim üçün qürur duyuram və etimada, dəstəyə görə Red Bull-da hər kəsə təşəkkür etmək istərdim. Bu komandanı fərqləndirən onun bütün üzvlərinin ortaq ruhudur – trasda, Faensada və Milton Kinsdə. Hər gün bu istedadlı və işinə sadiq insan qrupuna rəhbərlik etmək mənim üçün böyük şərəfdir.
Çempionatda beşinci yer uğrunda mübarizə hamımızın qürur duya biləcəyi bir şeydir, amma bu, çoxsaylı insanların uzun illər ərzində çəkdiyi gərgin əməyin nəticəsidir və biz hələ məqsədimizə çatmamışıq. Bizdə lazımi insanlar, lazımi mədəniyyət və hara doğru irəliləmək istədiyimizə dair aydın təsəvvür var, mən birlikdə irəliləməyə davam etmək fürsətini səbirsizliklə gözləyirəm”.





