Oskar Piastri: Cəriməmə etiraz etmək kifayət qədər çətindir

İnterlaqosda yarış həftəsonu başlamazdan əvvəl Oskar Piastri Meksikadakı yarış zamanı Arvid Lindblad ilə toqquşmada günahını etiraf edib. Bununla yanaşı, McLaren sürücüsü hesab edir ki, trasda mübarizə ilə bağlı FIA-nın tövsiyələrini Meksikadakı birinci və ikinci döngələr ardıcıllığı kimi hərəkət istiqamətinin sürətlə dəyişdiyi döngəlarda tətbiq etmək çətindir.

Qaydalara əsasən, daxili trayektoriya ilə hücum zamanı hücum edən maşının ön oxu rəqibin maşınının güzgüləri ilə eyni xəttdə olmalıdır ki, hücum edən sürücü döngə apeksində yer tələb edə bilsin. Xarici trayektoriya ilə hücum zamanı isə ön ox müdafiə olunan sürücünün ön oxu ilə eyni xəttdə olmalıdır.

Oskar Piastri: “Bu qaydaları rəhbər tutsaq, cəriməyə etiraz etmək kifayət qədər çətindir. Amma Meksikodakı döngəlar ardıcıllığında bu qaydaları tətbiq etmək çox asan deyil. Hər bir döngə digərindən bir qədər fərqlənir, xüsusən də söhbət bir-birini izləyən döngələrdən gedirsə. Belə vəziyyətdə bəzən toqquşmadan yayınmağın yeganə yolu döngəni kəsmək olur. Bu da səni çox çətin vəziyyətdə qoyur.

Vəziyyət doğrudan da mürəkkəbdir. Arvid kifayət qədər sərt davranıb, amma tövsiyələrə uyğun yanaşsaq, onun müdafiə olunmaq haqqı var idi. Öz növbəmdə mənim də ötməni başa çatdırmağa cəhd etmək hüququm var idi. Mən geri çəkilməyə başlamışdım, amma məhz həmin anda toqquşduq”.

Braziliya yarış həftəsonundan danışan Oskar ümid etdiyini bildirib ki, McLaren onu əlavə problemlərsiz keçirəcək və hazırda 17 xal üstünlüklə Red Bull Racing-in əlində olan Mühəndislər Kubokuda üçüncü yeri geri qaytara biləcək.

“Mənim xüsusi nəsə etməyimə ehtiyac yoxdur, – deyə Piastri davam edib. – Sadəcə, artıq problemlər olmadan daha sakit bir həftəsonu keçirmək istərdim.

Bu mərhələyə maşında bəzi yeniliklər gətirmişik və ümid edirəm ki, onlar işi bizim üçün bir qədər asanlaşdıracaq. Amma reabilitasiya olunmağa çalışmaq və qeyri-adi nəsə etmək lazım deyil.

Son vaxtlar üzərində işlədiyimiz məqamlar üzrə işləməyə davam etməliyik və maşının davranışını yaxşılaşdırmağa çalışmalıyıq. Əsas vəzifəmiz bundan ibarətdir. Görək nəyə nail ola biləcəyik, amma dediyim kimi, hazırda bacarmadığı bir şeyi maşından zorla almağa çalışmağın mənası yoxdur. Sadəcə, əlimizdə olan tempi reallaşdırmalıyıq”.