Sky Sports telekanalının jurnalisti San Pauluda Corc üçün bunun başdan-başa məyusedici il olduğunu deyəndə və onun mövsümünü “üzücü” adlandıranda, o da kədərli şəkildə bununla razılaşıb, baxmayaraq ki, zorla gülümsəməyə çalışıb.
Corc Rassell: “Mövsüm həqiqətən çox üzücüdür və düşünürəm ki, əsas məsələ bütün bu bitib-tükənməyən problemlərin psixoloji baxımdan sənə təzyiq göstərməsidir. Daim özünü yenidən toparlamaq üçün səy göstərməli olursan, amma sonra yenə sənin təsir edə bilmədiyin hansısa hadisələr baş verir.
Növbəti yarışa gəlirsən və görürsən ki, sürətin olmaq istədiyin səviyyədə deyil – ümumilikdə, psixoloji cəhətdən bütün bunlar çox yorucudur.
Bilirsiniz, hər bir uik-endə biz qələbə uğrunda mübarizə apara biləcəyimiz inamı ilə hazırlaşıb gəlirdim və mən yarışları çox sevsəm də, bu mövsüm birmənalı olaraq hər mənada lazım olduğu kimi alınmayıb.
Mən bu gün bitməsini istədiyimi demirəm, çünki həmişə sona qədər mübarizə aparıram, amma yenə deyirəm: karyeramda hələ elə bir mövsüm olmayıb ki, taleyin bu qədər zərbəsini yaşamalı olum.
Bir məqamda düşünürsən ki, yenidən toparlanmaq üçün gücü necə tapasan? Axı sözün əsl mənasında hər ikinci uik-enddə nəsə baş verib və bunun sonu görünməyib. Bu, çox ağırdır, amma mən özümə inanmaqda davam edirəm. Yenə də keçmişdə pis mövsümlərdən daha çox yaxşı mövsümlərim olub, üstəlik, yaxşılar qat-qat çox olub.
Düşünürəm ki, ümumiyyətlə dünyada elə bir idmançı yoxdur ki, həyatında yalnız uğurlu illər olsun – hamımız problemlərin öhdəsindən gəlməli oluruq, çünki elə mövsümlər olur ki, onları uğursuz adlandırmalı olursan – bu il də məhz belələrindəndir.
Bazar günü axşamı dəhşətli dərəcədə məyus olmuşdum, ilk növbədə ona görə ki, yaxşı nəticə göstərmək şansını heç cür təsir edə bilmədiyim səbəbə görə əldən vermişdim və bunu qəbul etmək çox çətin idi. Bu il baş verənlər həqiqətən amansız olub…”





