Rassell: Bu il komanda yoldaşım məndən daha yaxşı çıxış edir

Ötən həftəsonu Corc Rassell növbəti qələbəsini qazanan Kimi Antonelliyə uduzub və çempionatdakı vəziyyət barədə düşünməməyə, yarışdan-yarışa irəliləməyə üstünlük verir…

Corc Rassell: “Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm, hər uik-enddən müsbət məqamlar çıxarmağa çalışıram. Monzada yarışı qazanmağı çox istəyirdim, çempionatda Kimi ilə mübarizəni davam etdirmək istərdim, amma hazırda o, sadəcə inanılmaz çıxış edir – bunu etiraf etmək lazımdır.

Mövsümün əvvəli ilə müqayisədə irəliləyişə nail olmuşam və onunla yenidən mübarizəyə qoşulmaq üçün bu yolu davam etdirmək istəyirəm. Hazırda düşüncəm məhz budur.

Özümə əsassız ümidlər vermirəm. Reallıq ondan ibarətdir ki, komandadakı yoldaşım bu il məndən daha yaxşı çıxış edir. Bir qədər bəxtim gətirmədi, amma o, lider olmağa layiqdir və hazırda da haqlı olaraq həmin yeri tutur.

Mən isə öz növbəmdə sadəcə yarışdan-yarışa çalışıram və mümkün qədər çox qələbə qazanmağa cəhd edəcəyəm. Vəziyyəti real qiymətləndirirəm. Bu mövsüm titul qazanmaq üçün mənə bəxt də lazım olacaq”.