Lyuis Həmilton: “Əlbəttə, yarışdan sonra məyus olmuşdum. Hələ də məyusam. Bizi ciddi söhbət gözləyir və vaxt tapan kimi bunu mütləq edəcəyik. Frederik bu həftə komandanın bazasına, Avropaya qayıdıb, Şarl isə hazırda ailəsi ilədir.
Komanda bu mövsüm ərzində bu qədər yenilik hazırlamaq üçün böyük iş görüb. Bütün əməkdaşlar ilboyu bütün gücləri ilə çalışıblar, güc qurğumuzun imkanlarını nəzərə alaraq geriliyi azaltmağa çalışıblar.
Düşünürəm ki, komanda inanılmaz iş görüb. Yarış həftəsonlarının keçirilməsinə yanaşmada çox şeyi dəyişmişik. Tərəqqi doğrudan da göz qabağındadır – bir neçə böyük addım irəli atmışıq və son üç-dörd yarışda digər istənilən komandadan daha çox xal toplamışıq. Meksikada rahatlıqla dubl edə bilərdik, buna görə də belə halın bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik.
Mənim sözlərim barədə başqalarının nə düşündüyü mənim üçün o qədər də vacib deyil. Emosiyalarımı gizlətmirəm və həmişə həmin anda nə hiss edirəmsə, onu deyirəm.
Gördüm ki, kimsə yazıb, guya mənim bütün açıqlamalarım əvvəlcədən düşünülmüş olur. Amma xatırlatmaq istəyirəm ki, sən yarışda iştirak edəndə nəbzin dəqiqədə 170 zərbəyə çatır, özün isə 320 km/saat sürətlə gedirsən. Belə vəziyyətdə hər sözü düşünüb-daşınmağa və sonra jurnalistlərin nə yazacağını fikirləşməyə vaxt olmur. Həmin an insan sadəcə bunu düşünmür.
Əlbəttə, bəzən nəsə deyə bilərsən, sonra da buna görə təəssüflənərsən. Amma mən öz sözlərimə görə peşman deyiləm və heç vaxt özüm olaraq qaldığıma, səmimi danışdığıma görə üzr istəməyəcəyəm. Susmaq fikrim yoxdur. Mən heç vaxt susmamışam. Komanda da bir dəfə belə məndən hansısa açıqlamadan çəkinməyi istəməyib. Mən beləyəm”.
Bununla Lyuisin komanda yoldaşına iradları bitməyib. Ondan Şarlın onunla mübarizədə digər sürücülərlə müqayisədə daha sərt davranıb-davranmadığını soruşanda, britaniyalı sürücü bu fikirlə razılaşıb.
“Bəli”, – Həmilton bu fərqi hiss edib-etmədiyi barədə suala qısa cavab verib. – “Düşünürəm ki, hər kəs hər şeyi özü görür.
Sinqapurda startda Şarl daxili trayektoriyada olaraq Maks Ferstappenlə təkər-təkərə mübarizə aparırdı. Onun önə çıxmaq və yarışı qazanmaq imkanı var idi, amma geri çəkildi. Bu, tamamilə fərqli yanaşmadır.
Ümumiyyətlə, onun əvvəlki komanda yoldaşlarını xatırlasaq, Sebastian Fettel və Karlos Saynsla da eyni mənzərə olub”.
Həmiltondan həmçinin Şarl Leklerlə birlikdə Ferrari-də çalışmağın onun üçün nə dərəcədə çətin olduğu da soruşulub. Karyerasının demək olar ki, tamamını İtaliya komandasında keçirmiş monakolu sürücü ilə işləməyin asan olmadığını yeddiqat dünya çempionu etiraf edib və komandanın bir parçasına çevrilmək, komanda yoldaşı ilə münasibətləri yoluna qoymaq üçün xeyli səy göstərməli olduğunu bildirib.
“Şarl burada artıq çoxdandır çıxış edir – səkkiz ildir, – Lyuis Həmilton davam edib. – Bu müddətdə o, komandanın heyətində doqquz qələbə qazanıb və onun ayrılmaz hissəsinə çevrilib. Anlayırdım ki, mənim üçün asan olmayacaq.
Mən buna həmişə hörmətlə yanaşmışam. İlk gündən komanda ilə münasibətləri yoluna qoymağa çalışmışam, Şarlla ümumi dil tapmaq, aramızdakı məsafəni azaltmaq və yaxşı işgüzar münasibətlər qurmaq üçün çox çalışmışam. Həmişə hörmət göstərməyə çalışmışam”.
Bununla yanaşı, Lyuis etiraf edib ki, onun birbaşa danışığı və yüksək tələbkarlığı artıq uzun illərdir Ferrari-də çalışanların işini çətinləşdirir: “Əlbəttə, komanda üçün mənim kimi insanı qəbul etmək asan deyil. Mən həmişə fikrimi açıq deyirəm və daim müxtəlif dəyişikliklərdə israr edirəm”.





