Liam Louson: Gələcəklə bağlı qeyri-müəyyənlik kefimi pozur

Liam Louson bu mövsümü inamla keçiribr və mövsümün sonuna dörd mərhələ qalmış şəxsi hesabda doqquzuncu yerdə qərarlaşır. Belə nəticələrlə istənilən digər sürücünün gələn il Racing Bulls-da yeri təmin olunardı, amma komandada onun əvəzinə Nikol Tsolovu ciddi şəkildə nəzərdən keçirirlər.

Braziliyada yarış həftəsonu başlamazdan əvvəl Liam etiraf edib ki, gələcəklə bağlı qeyri-müəyyənlik ona Meksikadakı yeddinci yer kimi öz uğurlarından zövq almağa mane olur.

Liam Louson: “Vəziyyət, əlbəttə, asan deyil, çünki yaxşı nəticələrə mümkün qədər çox sevinmək istəyirsən. Meksikada həqiqətən əla yarış keçirdik, baxmayaraq ki, bütün həftəsonu çox çətin alınıb. Mən sıralanma turunu da yaxşı keçirmişdim, amma sonra cəza almışdım.

Hər şey bu cür alınanda və sənin gələcəyin hələ də qeyri-müəyyən qAlanda, bu, əldə etdiyin nəticədən duyduğun sevinci bir qədər kölgələyir. Əlbəttə, bu barədə düşüncələr son vaxtlar qazandığımız nəticələrdən tam həzz almağa imkan vermir”.

Gələcəklə bağlı qeyri-müəyyənliyin onun sükan arxasındakı işinə təsir edib-etmədiyi ilə bağlı sualı cavablandıran Racing Bulls sürücüsü bildirib ki, onun üçün xüsusilə çətin olan məhz Meksika mərhələsi olub.

“Mexikodakı mərhələ xüsusi hal idi, çünki orada mənə həqiqətən çətin olub, – deyə Liam Louson davam edib. – Bu gün artıq özümü normal hiss edirəm və yarışı gözləyirəm, çünki bu trasda çıxış etmək xoşuma gəlir.

Ötən həftəsonu ətrafda baş verən hər şeyə görə hər gün asan keçməyib. Yarış əla alınsa da, yəqin ki, o günlərdə baş verənlərin təsirindən hələ tam çıxa bilməmişəm. İndi özümü xeyli yaxşı hiss edirəm. Üstəlik anlayıram ki, bu maşınla vəziyyətə təsir göstərmək üçün həmişə əlavə nəsə edə bilmirəm.

Biz əla mövsüm keçiririk. Mən şəxsən öz çıxışlarımdan razıyam, komanda da çox güclü il keçirir. Biz əvvəllər heç vaxt olmadığımız vəziyyətə düşmüşük. Mövsüm hələ başa çatmayıb, buna görə də indi vəzifəmiz üstünlüyü qoruyub saxlamaqdır.

Meksikanı nəzərə almasaq, son yarışlar mənə həqiqi zövq verib. Onların bəziləri Formula 1-də çıxış etdiyim bütün dövr ərzində mənim üçün ən xoş yarışlardan olub”.