Aston Martin Yaxın Şərqdəki vəziyyətdən narahatdır

Aston Martin-in yarış direktoru Mayk Krək bildirib ki, komandanın əməkdaşları və onların ailələri Qətərdə və Əbu Dabidə keçiriləcək qarşıdakı mərhələlərlə bağlı narahatlıq ifadə ediblər.

Yarış həftəsonu başlamazdan əvvəl San Pauluda Krəkə belə bir sual veriblər: qeyri-müəyyənlik mövsümün son yarışlarına hazırlığı nə dərəcədə çətinləşdirir və komandanın əməkdaşları hərbi əməliyyatların davam etdiyi bölgəyə yollanmağa hazırdırmı? Cavabında o etiraf edib ki, komanda Yaxın Şərqə yollanacağı halda, Aston Martin-də öz əməkdaşlarına təhlükəsizliklə bağlı 100 faizlik təminat verə bilmirlər.

Mayk Krək: “Logistika və ehtiyat hissələri ilə bağlı ciddi problem yoxdur. Sadəcə, lazım olan miqdarı hesablayıb, sonra komandanın əməkdaşlarını bu ölkələrə aparmaq lazımdır. Personal məsələsi həqiqətən vacibdir. Hamı xəbərləri oxuyur, internetdə baş verənləri izləyir. Bəzi məlumatlar həqiqətə uyğundur, digərləri isə o qədər də ciddi deyil.

Təəssüf ki, bizim dövrdə ən çox baxış toplayanlar şok xəbər başlıqları və təhdidlərlə bağlı məlumatlardır. Komandada suallar yaranır, çünki əməkdaşların ailələri də narahat olur və nə baş verdiyini soruşur. Bu, sadə mövzu deyil və insanlara nə qədər çox əminlik verə bilsək, bir o qədər yaxşıdır, amma bu, hər zaman mümkün olmur.

Yüzfaizlik təhlükəsizliyə zəmanət vermək mümkün deyil, çünki bəzən bizim özümüz də sonra nə baş verəcəyini bilmirik”.

, ,