Maks Ferstappen: Mən maşınıma antivirus quraşdırmışam

Kimi Antonelli titul qazandıqdan sonra Mercedes-in rəhbəri Toto Volff bildirib ki, Formula 1-də qələbə naminə hər şeyə hazır olan eqoist və amansız sürücü obrazı keçmişdə qalır. San Pauluda Maksa Ferstappendən bu fikirlə bağlı nə düşündüyünü soruşublar.

Maks Ferstappen: “Hər kəsin öz fikrinə haqqı var. Mənim əlavə edəcəyim başqa heç nə yoxdur. Bütün insanlar fərqlidir və Formula 1 üçün yaxşı olan da elə budur. Hamının xarakteri eyni olsaydı, çox darıxdırıcı olardı.

Bəlkə də belədir, bəlkə də yox. Kim bilir? Burada qəti nəsə demək olmaz”.

Maks Ferstappendən ilk titulunu qazandıqdan sonra mətbuatın diqqətinin və sürücünün üzərinə düşən digər öhdəliklərin nə dərəcədə çətin olduğu soruşulanda, Red Bull Racing-in pilotu öz təcrübəsini bölüşüb: “Məncə, ertəsi gün hələ də sərxoş idim, ona görə də hər şey kifayət qədər normal keçdi! Sadəcə axına buraxıldım və anın həzzini yaşadım.

Əlbəttə, çempionatda ilk qələbədən sonra öhdəliklər yaranır, o cümlədən ertəsi gün mətbuat qarşısında da. Bu, ən xoş məqam deyil, amma sən axı bütün ömrün boyu dünya çempionu olmağı arzulamısan və ən vacibi də budur. Ona görə jurnalistlərlə daha bir gün ünsiyyətdə olmağın heç bir qorxulu tərəfi yoxdur. Hər şeyin öhdəsindən gəlmək olar.

İndi Kimini daha çox insan tanıyır, İtaliyada isə o, daha böyük qəhrəmana çevrilib, amma bu normaldır. O, kifayət qədər adi və təvazökar oğlan təsiri bağışlayır, buna görə də düşünmürəm ki, onun üçün çox şey dəyişsin. Sonda bunlar xoş problemlərdir”.

San Pauluda qələbə uğrunda mübarizə perspektivindən danışan Maks deyib: “Hələlik qüvvələr nisbəti barədə nəsə söyləmək çətindir. Lider qrupunda fərqlər o qədər cüzidir ki, burada çox şey maşını nə dərəcədə yaxşı sazlamağından və güc qurğusunun imkanlarından necə istifadə etməyindən asılıdır. Biz hər şeyi düzgün etməyə çalışmalıyıq.

Son bir neçə ildə bu trasda həftəsonu sprint formatında keçirilib, amma bu dəfə maşını hazırlamaq üçün bir qədər çox vaxtımız olacaq. Bunun yaxşı, yoxsa pis olduğunu bilmirəm. Görək hər şey necə alınacaq”.

Hava proqnozu yağışlı yarış vəd edir. Maksdan soruşulanda ki, Sepanqdakı yarışda olduğu kimi, bazar günü də güc qurğusunda proqram təminatı ilə bağlı problem yaranacağından ehtiyat etmir ki, o, zarafatla belə cavab verib: “Mən maşınıma antivirus quraşdırmışam, ona görə də məndə hər şey qaydasında olacaq!”