Alonso Həmiltonu “400-lər Klubu”nda salamlayıb

Bu bazar İnterlaqos trasında Lyuis Həmilton karyerasında 400-cü dəfə Formula1 Qran Prisinin startına çıxacaq. Hazırda bu nailiyyət yalnız Fernando Alonsoya məxsusdur və Braziliya mərhələsi ərəfəsində Aston Martin sürücüsündən McLaren-də keçmiş komanda yoldaşını "400-lər Klubu"nda qarşılamağa şad olub-olmadığı soruşulub.

“Bəli, əlbəttə, – deyə Fernando Alonso cavab verib. – Bu, böyük rəqəmdir. Düşünürəm ki, indi mövsümlər çox uzun olduğuna görə getdikcə daha çox sürücü klubumuza qoşulacaq. Əgər Formula 1-də 10 il çıxış edirsənsə, hesabında artıq 250-dən çox Qran Pri olur.

Lyuisin Formula 1-də inanılmaz dərəcədə uğurlu karyerası olub və onun bütün 400 yarışı çox rəqabətli mübarizə şəraitində keçib. Onu təbrik edirəm və ümid edirəm ki, yaxşı yarış və yaxşı uik-end keçirəcək”.

Öz növbəsində Lyuis Həmilton qarşıdakı 400-cü startını belə şərh edib: “Bu, sadəcə inanılmazdır. Mən heç vaxt belə rəqəmlərə çatacağımı düşünmürdüm.

Bu, həm də ona görə inanılmazdır ki, özümü gənc hiss edirəm və insanlar mənim haqqımda nə deməsindən asılı olmayaraq, keçən həftə mənim poulumu gördünüz. Məndə hələ də sürət var, məqsədyönlülük var və ən vacibi, diqqət var”.

Hazırda Formula 1-də çıxış edən sürücülər arasında Fernando Alonsodan (444) və Lyuisin Həmiltondan (399) başqa, ən çox Qran Pri Serxio Peresin hesabındadır – hazırkı göstərici 300-dür.

,