Komanda rəhbərləri Esteban Okonun taleyi barədə

Dünən San Pauluda FIA-nın mətbuat konfransında iştirak edən komandaların hər üç rəhbəri fransalı sürücünün karyerasının müxtəlif mərhələlərində Esteban Okonla işləyib. Görünən odur ki, bu karyera artıq başa çatmağa yaxındır. Hər halda, onun Haas-la bağlı səhifəsi vaxtından əvvəl bağlanıb və bu, hər iki tərəf üçün açıq-aşkar xoşagəlməz olan xüsusi şəraitdə baş verib.

Alan Permeyn, Frederik Vassyör və Toto Volffdan bu vəziyyəti şərh etmələri istəniləndə, hər üçü Okonun yaxşı peşəkar olduğunu vurğulayıb.

Alan Permeyn, Racing Bulls-un rəhbəri: “Bilirsiniz, Esteban əla oğlandır. O, Macarıstan Qran Prisindəki həmin qələbəni qazananda mən Hunqarorinqdə idim (2021-ci ildə) və bu, tamamilə haqq edilmiş qələbə idi. Həmin yarışın son dövrələrində Fernando Alonso Lyuis Həmiltonu arxasında saxlayaraq ona dəstək verdi.

Məncə, Okon çox sürətli sürücüdür və təəssüf ki, onun üçün hər şey belə yekunlaşıb. Əgər bu mövsümü sona çatdıra bilsəydi, bu, onun üçün xeyli yaxşı olardı, amma biz Haas-da nələrin baş verdiyini bilmirik və əlbəttə, bu mövzuda fərziyyə yürütmək fikrim yoxdur.

Düşünürəm ki, onun karyerası kifayət qədər yaxşı alınıb və mən onun başa çatdığını demirəm. Gələcəkdə ona ən yaxşı arzularımı çatdırıram”.

Frederik Vassyör, Ferrari komandasının rəhbəri: “Mən Estebanla GP3 və DTM kimi seriyalarda işləmişəm. Bunun on, yoxsa on beş il əvvəl olduğunu xatırlamıram və o vaxt onun karyerası ilə Toto Volff da məşğul olurdu. Okon həqiqətən də çox uğurlu çıxış edib. Məncə, onun həm gənclər seriyalarında, həm DTM-də, həm də Formula 1-də kifayət qədər yaxşı nəticələri olub.

Başqa komandada baş verənləri şərh etmək mənim üçün çətindir, öz sürücülərimlə bağlı yetərincə işim var və Ayо Komatsu, Haas komandası və onun sürücüsü arasında nələrin yaşandığını bilmirəm. Hər hansı şərh vermək istəmirəm.

Şübhəsiz, mən Estebana rəğbət bəsləyirəm, çünki hesab edirəm ki, o, əsl döyüşçüdür və mövsüm ərzində etdikləri hörmətə layiqdir”.

Toto Volff, Mercedes komandasının rəhbəri: “Biz Mercedes-də həqiqətən də Estebanın karyerası ilə məşğul olmuşuq – əslində bu, Qven Laqryunun sayəsində baş verib (Mercedes-in gənclər proqramının keçmiş rəhbəri).

Biz Frederiklə GP3 seriyasında işləməyə razılaşmışdıq və Formula 1-də vakant yer olmadığından, DTM-də qapı açılanda qüvvələrimizi birləşdirmişdik. Düşünmürəm ki, bundan sonra baş verənlər hamıya məlumdur. Gözlənilmədən Manor komandasında yer açılmışdı, vakansiya Spa mərhələsindən etibarən əlçatan idi, amma bunun üçün iki milyon dollar tələb olunurdu. Biz bir milyon ayıra biləcəyimizi demişdik, amma daha bir milyon çatmırdı.

Onda Fred Estebana şans vermək üçün öz pulunu yatırıb. Düşünürəm ki, bütün bu illər ərzində hamımız ona çox yaxşı dəstək vermişik, onun üçün ən yaxşı imkanları yaratmağa çalışmışıq. Təbii ki, o, bir neçə dəfə bir komandadan digərinə keçib və məncə, sonda vəziyyət elə həddə çatıb ki, Ayo komandasıını müəyyən sözlü hücumlardan qorumaq məcburiyyətində qalıb.

Digər tərəfdən, Esteban yanlış nəsə dediyini düşünmür. Amma sonda qərarı komanda verir. Onun rəhbəri vəziyyəti daha yaxşı görür və kifayət etdiyini düşünmək hüququna malikdir. Komatsu da məhz bunu edib”.

, , ,