San Paulu Qran Prisi təqvimdə 2035-ci ilə qədər qalacaq

Formula1-in San Paulu trasında keçirilən yarışı 2035-ci ilə qədər dünya çempionatının təqvimində qalacaq - bu gün məşhur Braziliya avtodromu ilə müqavilənin daha beş il uzadıldığı açıqlanıb.

Onun rəsmi adı “Autódromo José Carlos Pace”dir və 1973-cü ildən bəri ölkənin milli Qran Prisinə ev sahibliyi edib. Braziliyada Formula1-i çox sevirlər və bu idman növünün ölkədə populyarlığı artmaqda davam edib. Buradakı azarkeş ordusu 76 milyona yaxınlaşıb və təkcə ötən mövsümdə 6.5% artıb.

Stefano Domenikali, Formula 1-in prezidenti və icraçı direktoru: “Braziliya Formula1 tarixinin və gələcəyimizin vacib hissəsidir və bu beşillik müqavilə uzadılması sayəsində biz 2035-ci ilə qədər San Pauluda yarışmağa davam edəcəyimizə görə şadam.

Braziliya Formula1-ə 33 gözəl sürücü bəxş edib, o cümlədən bu həftəsonu öz azarkeşləri önündə çıxış edən Qabriel Bortoleto və Rafael Kamara San Pauludakı yarışların tarixinə yeni unudulmaz anlar yazacaqlar.

Bu layihəyə məqsədyönlü yanaşmalarına və verdikləri töhfəyə görə San Paulunun meri Rikardo Nuneşə və San Paulu Qran Prisinin icraçı direktoru Alan Adlerə təşəkkürümü bildirmək istərdim. Birgə səylərlə biz bu layihəni inkişaf etdirəcəyik və azarkeşlərin bu yarışı izləmək üçün buraya daha böyük maraqla gəlməsinə çalışacağıq”.

, ,