Quru trasda Pirelli iki pit-stop gözləyir

Bazar günü yarış quru trasda keçsə, Pirelli-də optimal strategiyanın iki pit-stopdan ibarət olduğunu düşünürlər. Yağış yağsa, hər şey vəziyyətdən asılı olacaq…

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Sıralanma turu yağışlı sessiyaların əyani nümayişinə çevrilib. Əvvəlcə, şəraitin xüsusilə çətin olduğu vaxtda sürücülər güclü yağış üçün nəzərdə tutulan təkərlərdən istifadə ediblər. Son illərdə tərkiblərin təkmilləşdirilməsi istiqamətində görülən işlər sayəsində onlar trasda yığılan su yoxa çıxandan sonra da effektivliyini qoruyub saxlayıblar ki, bu da sonrakı keçidi aralıq təkərlərə xüsusilə hamar edib.

Proqnoz yarış zamanı yağış ehtimalını 60% göstərir, sıralanma turunda gördüyümüzə bənzər ssenarini istisna etmək olmaz, yəni yarış tam və ya qismən yaş trasda keçə bilər.

Əgər tras quru olsa, iki pit-stoplu strategiya daha sərfəli olacaq – Soft-da iki, Medium-da isə bir dövrə seriyası. Hesablamalara görə, bu variant əlçatan olan hər üç tərkibdən istifadə ilə müqayisədə təxminən üç saniyə üstünlük verir.

Bazar günü gözlənilən temperatur enişi, trasın ilişməsinin cümə günü ilə müqayisədə daha aşağı ola biləcəyi ehtimalı ilə birlikdə, daha yaxşı ilişmə təmin edən və daha tez qızan daha yumşaq tərkiblərin işinə daha çox yaraya bilər.

Bir pit-stoplu strategiya daha az optimal görünür. Hesablamalara görə, o, iki pit-stoplu variantdan təxminən on saniyə ləngdir. Bu kontekstdə daha erkən pit-stop hesabına undercut fəndi mühüm rol oynaya bilər, xüsusən də daha yumşaq təkər tərkibinə keçən sürücülər üçün, çünki onlar mövqelər qazanmaq üçün ilişmənin ani artımından yararlana bilərlər”.

,