Frederik Vassyör: Təkərləri yarış üçün saxlamağa qərar verdik

San Pauluda Ferrari-nin hər iki sürücüsü güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə cərimələr alıb, lakin Frederik Vassyörün sözlərinə görə, Braziliya mərhələsi bunun üçün məqsədli şəkildə seçilib və Skuderiyanın rəhbəri bugünkü yarış ərəfəsində kifayət qədər pozitiv əhvali-ruhiyyədədir.

“Sıralanma turu uzandı, amma hesab edirəm ki, yarışın rəhbərliyi düzgün qərarlar qəbul edib, çünki hava şəraiti birmənalı şəkildə ekstremal idi, – deyə Vassyör şərh edib. – Maşınlarımız yaxşı temp göstərməyə qadir idi, lakin biz təkərləri qorumaq istədik, çünki cərimələrə görə uzaq mövqelərdən start almalı idik.

Amma indi ən vacibi odur ki, bazar günü yarış təxminən eyni hava şəraitində keçsin.

Biz qəsdən cərimələri məhz bu həftəsonu almağa üstünlük vermişik, çünki mövsümün sonuna qədər onsuz da bunu çəkməli idik. Hesab edirik ki, Braziliya tras pelotonda irəliləmək üçün ideal yerdir, çətin şəraitdə isə bunun üçün şanslar daha da artır.

Məncə, vaxtilə Maks Ferstappen bu yarışı 16-cı yerdən start alaraq qazanıb, ötən il isə səhv etmirəmsə, pit-leyn-dən start aldıqdan sonra üçüncü yeri tutub. Tam mümkündür ki, yarış çətin şəraitdə keçsin, amma bazar günü bizi nələrin gözlədiyini görəcəyik.

Şübhəsiz, yarış uzun və çətin olacaq, amma məhz buna görə biz bir neçə təkər dəstini qoruyub saxlamışıq. Əgər yarış qırmızı bayraqlarla və ya təhlükəsizlik avtomobilinin trasda görünməsi ilə dayandırılsa, sürücülərin irəliləmək üçün daha çox imkanı olacaq”.