Andrea Stella: Sürücülərimizə bir-biri ilə mübarizə aparmağa icazə veririk

McLaren rəhbərliyi İtaliya Qran Prisinin son mərhələsində sürücülərinin hərəkətlərini detallı şəkildə təhlil etməyə hazırlaşır. Həmin anda Lando Norris və Oskar Piastri mövqe uğrunda mübarizə zamanı az qala toqquşacaqdılar və nəticədə podiuma yüksələn Maks Ferstappenə hücum etmək şansını əldən verdilər.

Monzadakı finişdən sonra bu barədə Andrea Stella danışıb. Belə ki, 51-ci dövrədə Norris Curva Grande-nin xarici trayektoriyası ilə, sürətli 3-cü döngədə komanda yoldaşına hücum etməyə çalışanda, Piastri sola yönələrək Landonun hərəkətini bloklayıb və nəticədə o, sol təkərləri ilə otluğa çıxmalı olub.

Təbii ki, hazırkı dünya çempionu bundan narazı qalıb və radio vasitəsilə komandaya Oskarın onu trasdan sıxışdırdığını bildirib, baxmayaraq ki, finişdən sonra həmin epizodu şərh edərkən ifadələrini bir qədər yumşaldıb.

Stelladan bu barədə soruşanda o, jurnalistlərə izah edib ki, həmin anda Norrisin tempi komanda yoldaşından yüksək olsa da, niyə komanda müdaxilə etməyib.

“Həmin vəziyyətdə düşünürdük ki, Landonun Maksa çatmaq şansı var, amma bunun üçün əvvəlcə Oskarı ötməli idi, – deyə RacingNews365 çempion komandaya rəhbərlik edən şəxsdən sitat gətirib. – Hər iki maşın eyni təkərdən istifadə edirdi və həmin təkərlər eyni sayda dövrə qət etmişdi, buna görə hesab edirdik ki, yarışın normal gedişinə müdaxilə etməyə dəyməz. Biz onlara mübarizə aparmağa imkan veririk.

Hesab edirik ki, düzgün hərəkət etmişik. Məncə, Maks həqiqətən daha sürətli idi. Sadəcə, bu il tez-tez gördüyümüz tipik tələyə düşdü: Monzada sürücü slipstrimdən istifadə imkanını itirəndə, arxasındakı sürücülərdən müdafiə olunmaq üçün enerjidən istifadə etməli olur.

Lando təkərləri ilə trasdan kənara çıxan anda radio ilə bildirdi ki, Oskar onu yolun kənarına sıxışdırdı – yaxud buna bənzər bir şey dedi. Amma əslində biz bu epizodu təhlil edəndə məlum oldu ki, mübarizənin qızğın anında göründüyündən xeyli az təhlükəli vəziyyət olub.

Ümumilikdə, əlbəttə, biz bu məsələyə yenidən qayıdacağıq və trasda bu cür mübarizə tərzini təhlil edəcəyik. Çünki komanda yoldaşları bir-biri ilə mübarizə aparanda, çox güman ki, sadəcə vaxt itirirlər deyənlər haqlıdır.

Ona görə də araşdıracağıq ki, komanda Ferstappenə qarşı mübarizə aparmaq üçün daha effektiv davrana bilərdimi. Pit divarında bizim üçün bu, o qədər də aydın deyildi və hesab edirdik ki, avtoidmanın mahiyyəti barədə anlayışımıza uyğun olaraq sürücülərə mübarizə aparmağa imkan vermək daha vacibdir”.

, ,