Frederik Vassyör Alfa Romeo-nu tərk edir

Alfa Romeo komandasının və Sauber Motorsport şirkətinin rəhbəri Frederik Vassyör istefa verərək, 2023-cü ilin yanvarında şirkəti tərk edəcəyini açıqlayıb.

F-1.az xəbər verir ki, bu gün yayılan mətbuat relizində komanda Vassyörə son altı mövsümdə uğurlu işinə və inkişafına görə təşəkkür edib – komanda nəinki yeni tərəfdaşlar və sponsorlar cəlb edə bilib, həm də 2022-ci ildə çempionatda on il ərzində ən yaxşı nəticəni əldə edərək, altıncı yeri tutub.

Vassyörin yerinə kimin gələcəyi barədə hələlik məlumat verilmir. Frederikin yeni iş yerinin də rəsmi adı açıqlanmayıb, lakin artıq Avropa mətbuatında onun Ferrari bazasının yerləşdiyi Maranello yaxınlığında ev alması barədə məlumatlar yayılıb.

Frederik Vassyör: “Alfa Romeo F1 Team ilə əməkdaşlığımızı başa vuraraq, altı il birlikdə işlədiyimi məmnuniyyətlə xatırlayıram. Mən komandanın hər bir əməkdaşına borcluyam, çünki onun ayağa qalxmasına və idmanımızın karyera nərdivanında irəliləməsinə məhz onlar kömək ediblər.

Mən komanda və şirkət olaraq gördüyümüz işdən və daha çox komandanın gələcəyi üçün qoyduğumuz möhkəm təməldən qürur duyuram. Amma hər şeydən əvvəl hər şeyi mümkün edən və mənə dost olan insanlarla fəxr edirəm. Mən həmişə bu komandaya azarkeşlik edəcəyəm.

Komanda başçısı kimi mən çox şey öyrənmişəm və hiss edirəm ki, hər gün məni qarşıda gözləyən yeni çağırışa daha yaxşı hazıram. Bilirəm ki, Alfa Romeo komandası təkmilləşməyə davam edəcək və növbəti illərdə onları liderlər qrupunda görməyə səbirsizlənirəm”.

Finn Rauzinq, Sauber Holdinq AG-nin Direktorlar Şurasının sədri: “Frederik ilhamlanmış rəhbərliyi və gərgin əməyini altı il komandamıza həsr edərək, şirkəti və komandanı yenidən qurmağa kömək etdi. O, hər birimizi əlimizdən gələnin ən yaxşısını etməyə ruhlandırırdı və getdikcə daha yüksək nəticələr onun komandanın sükanı arxasında işinin keyfiyyətinə dəlalət edir.

Layihəmizə ilk inanan Frederik oldu, o, komandanı gəldiyi vaxtdan daha güclü və sağlam vəziyyətdə qoyur, qarşıda həm onu, həm də bizi parlaq gələcək gözləyir. Komandamızın bütün üzvləri ilə birlikdə Fredə gələcək işlərində uğurlar arzulayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*