Tomas Fur Audi-nin baş icraçı direktoru təyin olunub

Audi Formula Racing Tomas Furu baş icraçı direktor vəzifəsinə təyin etdiyini açıqlayıb. Almaniyalı mütəxəssis noyabrın 1-dən Noyburqdakı bazada vəzifəsinin icrasına başlayacaq və Formula1-də Audi güc qurğularına cavabdeh olacaq.

Tomas Furun arxasında beynəlxalq mühəndislik və idarəetmə layihələrində 30 ildən çox iş təcrübəsi var. O, 2009-cu ildən 2012-ci ilə qədər Mercedes AMG High Performance Powertrains şirkətində idarəedici direktor vəzifəsini tutub.

Rəhbərlikdəki dəyişikliklər Audi Formula Racing-in texniki direktoru Ştefan Dreyerə Formula1 komandası üçün güc qurğusunun hazırlanmasına tam diqqət yetirməyə imkan verəcək. Noyburqdakı bazanın operativ idarəçiliyi ilə əməliyyat direktoru Kristian Foyer məşğul olmağa davam edəcək.

Mattia Binotto: “Biz Noyburqda sıfırdan Formula1 üçün ilk Audi güc qurğusunu hazırlayaraq möhkəm təməl qoymuşuq.

Tomas qarşımızda dayanan vəzifənin nə qədər mürəkkəb olduğunu yaxşı başa düşür və güclü komanda qurmağı, onun işini necə təşkil etməyi bilir. Əminəm ki, o, kollektivin bundan sonra da inkişafına, strukturunun təkmilləşdirilməsinə və sonda məqsədimizə – Formula1-də ən yaxşı istehsalçı olmağa kömək edəcək. Tomasın komandaya qoşulmasını səbirsizliklə gözləyirəm”.

, , , , , ,