FİA reqlamentin hazırlanmasında süni intellektdən istifadə edəcək

FIA süni intellekt (AI) və bulud hesablamaları sahəsində federasiyanın rəsmi tərəfdaşı olacaq Amazon Web Services (AWS) şirkəti ilə əməkdaşlığa başladığını elan edib.

AWS texnologiyalarından müxtəlif yarış seriyalarının gələcək texniki reqlamentlərinin hazırlanmasında istifadə olunacaq. Bundan başqa, FİA-da artıq aerodinamik simulyasiyaların aparılması üçün AWS-in yüksək məhsuldarlıqlı hesablama sistemləri tətbiq olunub. Bu, real detalları istehsal etmədən hava axınlarını virtual mühitdə modelləşdirməyə imkan verib ki, bu da hazırlıq prosesini sürətləndirib və xərcləri azaldıb.

Əməkdaşlıq FİA-nın yarış lisenziyalarının rəsmiləşdirilməsi üçün rəqəmsal platformasını genişləndirməyə də kömək edəcək. AWS həlləri inzibati prosedurları sadələşdirəcək, milli federasiyaların yarışların təşkili zamanı işini, eləcə də rəsmi şəxslərin qeydiyyatını asanlaşdıracaq. FİA-nın rəqəmsal platforması artıq Kanada və Şri Lankada sınaqdan keçirilib, indi isə onu digər ölkələrdə tətbiq etməyi planlaşdırırlar.

Muhəmməd ben Sulayem: “Texnologiyalar idmanımızın bütün sahələrini dəyişir və FİA bu dəyişikliklərə rəhbərlik etməlidir. AWS ilə yeni əməkdaşlıq bizə hər sahədə – yarış maşınlarının hazırlanmasından milli avtomobil klublarının dəstəklənməsinə qədər kömək edəcək.

FİA-nın fəaliyyətində qabaqcıl bulud texnologiyalarından və süni intellektdən istifadə sürücülər, rəsmi şəxslər və könüllülər üçün yarışlarda iştirakı sadələşdirəcək, milli federasiyaların işinin səmərəliliyini artıracaq və bizi bütün dünyada iştirakçıların sayını ikiqat artırmaq hədəfinə yaxınlaşdıracaq”.

Formula1-də AWS ilə 2018-ci ildən əməkdaşlıq edirlər, həmin vaxt şirkət innovasiyalar sahəsində texnoloji tərəfdaş statusunu alıb. Xüsusən də, AWS həlləri televiziya yayımları üçün telemetriyanı emal edib və real vaxt rejimində yarış strategiyasının proqnozlaşdırılması üçün istifadə olunub.

, ,