MakNiş: Bütün Audi şirkəti Formula1 komandasını nümunə göstərir

2026-cı ildə Formula1-də Audi zavod komandası debüt etdi və demək olar ki, eyni vaxtda hibrid güc qurğusu ilə təchiz olunmuş yeni "yüklənmiş" tamötürücülü RS 5 sedanının satışına start verildi. Onun əsasını 510 at qüvvəsi hasil edən, iki turbokompressorlu 2.9 litrlik V6 mühərrik təşkil edir. Lakin elektrik hissəsi ilə birlikdə ümumi güc 639 at qüvvəsinə çatır ki, bu da maksimal rejimlərdə RS 5-ə 0-dan 100 km/saatadək cəmi 3.6 saniyəyə sürətlənməyə imkan verir.

Zandfortda yarış həftəsonu günlərində Niko Hülkenberq bu avtomobillə yarış trasında sürətli bir dövrə vurub. Üstəlik, RS 5-in konstruksiyasında Formula1-də sınaqdan keçirilmiş bəzi həllərdən istifadə olunub.

“Formula1 bolidinin V6 mühərrikini götürüb yol avtomobilinə quraşdırmaq mümkün deyil, – deyə Audi komandasının yarış direktoru, Le Manın 24 saatının üçqat qalibi Alan MakNiş bildirib. – O, tam fərqli işləyir, daxilində gedən proseslər də başqadır, üstəlik, onun modernləşdirilmə tempi də tamamilə fərqlənir.

Qarşıya A nöqtəsindən B nöqtəsinə mümkün qədər tez çatmaq vəzifəsi qoyulursa, bunu mühərrikin gücünü artırmaqla həll etmək olar, amma bununla yanaşı, onun səmərəliliyini də yüksəltmək lazımdır. Formula1-də V10 mühərriklərdən istifadə olunan dövrü və mövsüm ərzində neçə dəfə mühərrik dəyişdiyimizi xatırlasaq, bu, sadəcə dəlilik idi.

O vaxt hər şey açıq-aşkar həddindən artıq idi, o cümlədən yanacaq sərfiyyatı da inanılmaz səviyyədə yüksək idi. Amma müasir güc qurğularının hazırlanmasına yanaşma tamamilə dəyişib. Yarışlardan danışsaq, əsas məsələ batareyanı mümkün qədər tez doldurmaq və onun enerjini daha sürətli verməsinə nail olmaqdır. Lakin maksimum səmərəlilik və sürətə can atan Formula1 komandası bütün şirkətin istinad etdiyi standartları müəyyənləşdirir”.

, ,