- Çünki 10-cu Qran Pri cəmi bir dəfə olur
2016-cı ildə Formula1 ilk dəfə Bakıya gəldi. Həmin vaxt bu, Avropa Qran Prisi adlanırdı. Bir il sonra isə artıq Azərbaycan Qran Prisi keçirildi.
Doqquz yarış ərzində Bakıda Niko Rosberq, Daniel Rikkardo, Lyuis Həmilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri qalib gəliblər. Peres və Ferstappen Bakıda, hətta iki dəfə qalib olublar.
Bu müddətdə son dövrələrdə əldən çıxan qələbələr, gözlənilməz podiumlar və bütün yarışın taleyini dəyişən qəzalara şahid olmuşuq.
İndi isə bu tarixə 10-cu fəsil əlavə olunur. Əminəm ki, 11-ci Qran Pri də maraqlı olacaq. Amma 10-cu artıq heç vaxt təkrarlanmayacaq.
- Çünki Bakı ssenariləri pozmağı bacarır
Doqquz il ərzində bu tras sübut edib ki, sakit başlayan yarış sonunda tamamilə başqa cür görünə bilər.
2017-ci ildə Daniel Rikkardo 10-cu yerdən start götürərək qalib gəldi, debütant Ləns Stroll isə podiuma yüksəldi. 2018-ci ildə Valtteri Bottas son dövrələrdə təkərin partlaması səbəbindən, demək olar ki, əlində olan qələbəni itirdi. 2021-ci ildə lider Maks Ferstappen finişə beş dövrə qalmış təkər partlaması səbəbindən mübarizəni dayandırdı. Ardınca qırmızı bayraq çıxdı və yarış faktiki olaraq ikidövrəlik sprintə çevrildi – bu dəfə isə Lyuis Həmilton əlinə düşən şansını birinci dövrədə puç etdi.
Bakıda bir neçə dəqiqə əvvəl mümkünsüz görünən hadisələrin gerçəkləşdiyini dəfələrlə görmüşük.
Ona görə də 10-cu Qran Pri ərəfəsində əsas sual sürprizin olub-olmayacağı deyil.
Əsas sual budur: bu dəfə sürpriz nə olacaq?
- Bakının yeni qəhrəmanı kim olacaq?
Bizim trasın artıq özünəməxsus ənənəsi var – burada podiumda görməyi əvvəlcədən gözləmədiyimiz pilotlar peyda olurlar.
2016-cı ildə Serxio Peres. 2017-ci ildə Ləns Stroll. 2018-ci ildə yenə də Peres. 2021-ci ildə Pyer Qasli. 2025-ci ildə Karlos Sayns.
2021-ci il yarışında ikinci yeri tutan Sebastyan Fettel üçün isə bu podium Formula1 karyerasında sonuncu oldu. Həmin yarışda Pyer Qasli AlphaTauri ilə üçüncü yeri tutdu və karyerasının ən yaddaqalan nəticələrindən birinə imza atdı.
Bakı belə hekayələri sevir.
Növbəti qəhrəman kim olacaq? Hansı komanda, hansı pilot, hansı gözlənilməz nəticə 10-cu Qran Prinin əsas xatirəsinə çevriləcək?
- 2026-cı il bolidlərini Bakıda ilk dəfə görəcəyik
Bu, əvvəllər heç vaxt olmayan bir şeydir.
Biz artıq yeni nəsil avtomobilləri digər traslarda görmüşük. Amma Bakıda onlar ilk dəfə starta çıxacaqlar.
Aktiv aerodinamika, güc qurğusunun tamamilə yeni iş prinsipi və elektrik enerjisinin daha böyük rolu – bütün bunlar ilk dəfə Bakı şəhər trasında sınaqdan keçiriləcək. Və burada ən maraqlı hissə başlayır.
Uzun əsas düzlük, ağır əyləcləmələr, yavaş döngələr və İçərişəhər ətrafındakı dar hissə mühəndisləri yeni kompromislər axtarmağa məcbur edəcək.
Bəs enerji necə idarə olunacaq?
Superklippinq harada başlayacaq? Əsas düzlüyün hansı hissəsində pilot elektrik gücünü itirməyə başlayacaq? MGU-K necə işləyəcək? Batareyaya bir dövrə ərzində nə qədər enerji qaytarmaq mümkün olacaq?
Bakı 2026-cı ilin yeni enerji sistemini görmək üçün mövsümün ən maraqlı traslarından birinə çevrilə bilər. Və bütün bunları burada ilk dəfə görəcəyik.
- Ferstappen Bakının rekordçusuna çevrilə bilər
Hazırda Maks Ferstappen və Serxio Peresin Bakıda hərəsinin iki qələbəsi var.
Peres 2021 və 2023-cü illərdə, Ferstappen isə 2022 və 2025-ci illərdə qalib gəliblər.
Deməli, 10-cu Qran Prinin çox konkret bir intriqası var: əgər Maks yenidən qalib gəlsə, Bakıda ən çox qələbə qazanan pilot olacaq.
Amma bu vəzifə asan görünmür. Ferstappen mövsümün bu mərhələsində çempionatın liderləri arasında olsa da, Red Bull-un 2026-cı ildə hər trasda şərtləri diktə edən avtomobilə sahib olduğunu söyləmək mümkün deyil.
Maks yubiley yarışında Bakının yeni rekordçusu ola biləcəkmi?
- Ferrari və Norris: bağlanmamış iki səhifə
Ferrari-nin Formula1 tarixində, demək olar ki, hər şeyi var. Bir şeydən başqa – Bakı qələbəsi.
Doqquz Qran Pri ərzində Skuderiya poul qazanıb, podiuma yüksəlib, qələbəyə çox yaxın olub. Amma Bakıdakı əsas kubok hələ də Ferrari-nin kolleksiyasında yoxdur.
Şarl Leklerin hekayəsi isə xüsusilə maraqlıdır: monakolu pilot burada dəfələrlə bir dövrədə çox sürətli olub, amma əsas yarışda qalib gəlməyi bacarmayıb.
İndi isə buna daha bir maraqlı statistika əlavə olunub Hazırkı dünya çempionu Lando Norris də Bakıda heç vaxt qalib gəlməyib.
Beləliklə, 10-cu Qran Pridə iki böyük hekayənin davamını görə bilərik.
- Yubiley poulunu kim qazanacaq?
Bakıda sıralanma turu çoxdan yarışın özündən ayrıca tamaşaya çevrilib.
Səbəb sadədir: burada ideal dövrə ilə divar arasındakı məsafə bəzən cəmi bir neçə santimetr olur.
Ən yaxşı nümunə Şarl Leklerdir. Monakolu pilot son illərdə Bakıda bir dövrədə dəfələrlə möhtəşəm sürət nümayiş etdirib. Amma Bakı kiçik səhvi belə bağışlamır. 2019-cu ildə Leklerin sıralanma turunda İçərişəhərin dar hissəsində qəza etməsi buna ən yaxşı nümunələrdən biridir – həmin döngəni hamı monakolu sürücünün şərəfinə adlandırır.
Keçən ilin sıralanma turunun 6 dəfə qırmızı bayraqlarla dayandırılması isə Formula1 tarixinin rekordudur.
İndi isə yeni nəsil avtomobillər gəlir.
10-cu Qran Prinin poulunu kim qazanacaq?
- Bakıda ilk dəfə 22 bolid start götürəcək
Bu da daha bir tarixi detal olacaq.
Formula1 tarixində 22 bolidlə müqayisədə daha böyük startlar da olub. Buna görə də 22 maşın çempionat rekordu deyil.
Sonuncu dəfə Qran Pridə 22 bolidin start götürməsi 2014-cü ildə baş vermişdi. Həmin mövsümdə 11 komanda iştirak edirdi.
Amma Bakıda belə bir şey hələ olmayıb.
Doqquz Qran Pridən sonra ilk dəfə şəhər küçələrinə eyni anda 22 bolid – 11 komanda çıxacaq.
Üstəlik, söhbət altı kilometr uzunluğunda, uzun əsas düzlüyə malik Bakı trasından gedir. Burada uzun sürətlənmələr, küləklənmə effekti, slipstrim və əyləcləməyə qədər bir-birinin arxasında mübarizə aparan bir neçə bolidi eyni anda görmək mümkündür.
İki əlavə bolid ilk baxışdan elə də böyük fərq kimi görünməyə bilər, amma Bakıda məhz belə kiçik fərqlər bəzən bütün yarışın gedişini dəyişir.
- Formula2: üç yarış, iki sıralanma turu və bəlkə də çempion
Əgər Formula1 sizə kifayət etmirsə, bu dəfə bütün həftəsonunu trasda keçirmək üçün daha bir ciddi səbəb var.
Formula2 bu dəfə Bakıda iki sıralanma turu və üç yarış keçirəcək – 2022-ci ildə gənc sürücülərin çempionatında reqlament belə idi ki, təqvimdə olan 8 yarışın hər birində bir sıralanma turu və 3 yarış (2 sprint və 1 əsas) keçirilirdi. Bu il isə arxada qalan yarışlarda ənənəvi reqlamentə əsasən, hər mərhələdə 1 sıralanma turu və 2 yarış (sprint və əsas) keçirilib, amma Bakıda hər şey fərqli olacaq.
Çünki Bakı yarışı bu il turnirin son mərhələsi ola bilər – Qətər və Əbu Dabinin məlum səbəblərdən təxirə salınması ehtimalı olduqca yüksəkdir.
Ona görə də çempionatın təşkilatçıları mümkün son mərhələdə iki əsas yarış keçirmək qərarına gəliblər, çünki burada real çempionluq intriqası hələ də qalmaqdadır.
Mövsümün əvvəlindən davam edən Nikola Tsolovun liderliyinə real təhlükə var – Rafael Kamara ondan cəmi 7 xal geridədir. Bakıda üç yarışın keçirilməsi isə çempionatdakı vəziyyəti bir həftəsonunda ciddi şəkildə dəyişə bilər.
Böyük ehtimalla Formula2 çempionunu məhz Bakıda görəcəyik – gələn il isə hər iki sürücünün Formula1-ə keçməsi gözlənilir.
- Çünki yarışı canlı izləmək lazımdır
Formula1-ə televizorda baxmaq olar. Tayminqə nəzarət etmək, təkrarları izləmək, pilotların radio danışıqlarını dinləmək və yarışın, demək olar ki, bütün vacib anlarını ekranda görmək mümkündür.
Amma ekran yenə də ekrandır. Tribunada isə hər şey başqadır.
Bolidi döngənin arxasından çıxmamış, görünməmiş, sən əvvəlcə onun səsini eşidirsən. Sonra o, bir neçə saniyə ərzində düz qarşından keçir və gözdən itir. Sənə yaxınlaşması, düz qarşında olması və səndən uzaqlaşması – səs baxımından bu ehtirası sənə ekran yaşada bilmir. Mühərrikin səsini eşidirsən, sürəti hiss edirsən, mübarizəni televiziya kamerası vasitəsilə deyil, öz gözlərinlə görürsən – adrenalin şkalası tam dolur və daşır.
Trasda gözlənilməz bir hadisə baş verəndə isə ətrafdakı onminlərlə azarkeşin reaksiyası da həmin hadisənin bir hissəsinə çevrilir – qəza keçirən sürücünün azarkeşlərinin məyusluğu, rəqibin azarkeşlərinin razılığı unudulmaz mənzərədir.
Məhz buna görə Azərbaycan Qran Prisinin onuncu yarışına sadəcə baxmaq yox, onu yaşamaq lazımdır.
Bir neçə ildən sonra yarışın videoyazısını açıb onun ən yaxşı anlarına yenidən baxmaq olar. Amma videoyazı sənə bunu demək imkanı verməyəcək:
“Mən orada idim. Azərbaycan Qran Prisinin 10-cu yarışını öz gözlərimlə izləmişdim”.
Həmişə demişəm, 10-cu ildir yenə də təkrarlayıram – bütün yarışları TV-dən mənim şərhimlə izləyin, amma doğma yarışımızı tribunlardan izləyin. Ona görə də sentyabrın 26-da televizoru yandırmaq əvəzinə… tribunada yerinizi tutun.





