FİA sürücülərdən məşqlərdə daha sakit olmalarını xahiş edib

Cümə günü məşq zamanı Maks Ferstappen və Liam Louson arasında baş vermiş insidentdən sonra stüardlar sürücülərin hər birini bir cərimə balı və startda bir mövqe itirmək cəzası ilə cəzalandırıblar. Bu qərarın səbəblərindən Sky Sports-un efirində keçmiş Formula1 sürücüsü, kanalın eksperti Karun Çandhok danışıb…

Karun Çandhok: “Keçmişdə məşqlər zamanı baş verən insidentlərə görə sürücülər cəzalandırılmırdı. Amma cümə günü səhər Mexikoda stüardlar brifinq zamanı komandaların menecerlərinə deyiblər: “Pilotlarınıza deyin ki, məşqlərdə özlərini qaydalara uyğun aparsınlar”.

Son vaxtlar insidentlərin sayı həddindən artıq çoxalıb, məsələn, Ostində Lekler və Rassell arasında. Stüardlar deyiblər: “Baxın, məşqlərdə özünü lazımi qaydada aparmayanları cəzalandırmağa başlayacağıq”.

Məhz buna görə də Maks və Liam startda bir yer itirmək cəzası alıblar. Əslində, bu tamamilə yersiz insidentdə onların hər ikisi öz rolunu oynayıb. Və onlar stüardlardan cavablarını alıblar”.