Ferstappen: Sıralanma turunda sürətlənə bildik

Sıralanma turundan sonra Maks Ferstappen dünən aldığı cəzadan danışıb - o, startda Liam Lousonla arasında baş vermiş insidentə görə bir mövqe itirəcək, həmçinin günün yekunlarını dəyərləndirib…

Maks Ferstappen: “Belə cəza, doğrudan da, yeni bir şeydir! Düşünürəm ki, biz bundan sonra da yeni cəzalar fikirləşəcəyik! Bu məsələ ilə bağlı demək istədiyim hər şeyi artıq demişəm, komandada da hər şeyi müzakirə etmişik. Bu məsələ yalnız bizə aiddir və bununla da mövzu bağlanır.

Sıralanma turu ərzində maşından daha artığını almağa nail olmuşuq. Təəssüf ki, 12-ci döngədə başqa bir maşının hava axınına düşmüşəm, əyləcləmə nöqtəsində bir qədər fərqli bucaq altında qalmışam və təkərləri bloklamışam.

Amma əsas olan odur ki, bu gün yenidən poul uğrunda mübarizə aparmışıq. Bütün uik-end ərzində maşından narazı olmuşam, amma sıralanma turunda sürətimizi artıra bilmişik”.