Haas Okonun kənarlaşdırılmasına görə çətin vəziyyətdə qalıb

Formula1 paddoku və dünya avtoidman mətbuatı Estebanın Meksika uik-endinin sessiyalarında sonrakı iştirakdan kənarlaşdırılması ilə bağlı hadisələrin inkişafını maraqla izləyir.

Haas komandasında təcrübəli fransızın niyə ehtiyat sürücü Rio Hirakava ilə əvəzlənməsini izah etməyiblər. Görünür, o özü də Meksikada təkcə cümə məşqində iştirak etməyəcəyini, həm də komandanın əsas heyətində Formula1-də debüt edəcəyini gözləmirmiş.

Haas komandasının rəhbəri Ayo Komatsunun şərh verməkdən qəti şəkildə imtina etməsinə əsasən belə qənaətə gəlmək olur ki, baş verənlər Amerika komandası üçün də gözlənilməz olub. Əgər doğrudan da dünən Okonla komanda arasında növbəti fikir ayrılığı yaranıbsa və bu da gözlənilməz heyət dəyişikliyi ilə nəticələnibsə, onda tam məntiqlə sual yaranır: bundan sonra nə olacaq?

Komatsuya bununla bağlı sual veriləndə o, sözbəsöz belə cavab verib: “Düzünü desəm, yalnız bir şey deyə bilərəm: hazırda bizim vəzifəmiz odur ki, Rionun sıralanmaya mümkün qədər yaxşı hazırlaşmasına kömək edək”.

O, eyni zamanda, çox yaxşı bilir ki, gələn həftəsonu yaponiyalı sürücü VF-26-nın sükanı arxasına keçə bilməyəcək: noyabrın 8-də Monzada WEC mövsümünün finalı keçiriləcək və Hirakava komanda yoldaşları ilə birlikdə Toyota-nın hiperkarını idarə etməli olacaq. Üstəlik, məhz 8 nömrəli ekipaj dözümlülük yarışları üzrə dünya çempionatının şəxsi hesabında liderlik edir və Rio Sebastyen Buemi və Brendon Hartli ilə birlikdə artıq sözün həqiqi mənasında tituldan bir addım aralıdadır.

Əlbəttə, güman etmək olar ki, Okon yarışlardan yalnız müvəqqəti uzaqlaşdırılıb və tərəfləri qarşılıqlı müqavilə öhdəlikləri bağladığı üçün gələn həftəsonu əməkdaşlığı bərpa edəcəklər. Amma nəsə bu ssenarinin ehtimalının böyük olmadığını göstərir.

Nəzəri cəhətdən başqa variant da mümkündür: Haas komandasında ikinci bolidi başqa bir debütanta – 2027-ci ildə Oliverə Börmanın komanda yoldaşı olacaq Rafael Kamaraya həvalə edə bilərlər.

Lakin Sky Sports-un məlumatına görə, doğma Braziliya həftəsonunda o, Ferrari sükanı arxasında cümə məşqində iştirak etməlidir və əgər Haas Kamaranın xidmətindən yararlanmağa ümid edirsə, bunun üçün əvvəlcə Skuderiyanın rəhbərliyi ilə razılığa gəlməlidir. Maranelloda planlarını dəyişmək istəyəcəklərmi, bu hələ sual altındadır.

Bununla belə, bu gözlənilməz vəziyyətdən çıxış üçün daha bir yol da var və bu, hansısa xüsusi çətinliklərlə bağlı deyil: Haas komandasının daha bir ehtiyat sürücüsü var və onun yeddi Qran Pri təcrübəsi də var – bu, bu il simulyatorda fəal işləyən və yeni nəsil maşınların xarakterinə kifayət qədər yaxşı bələd olan Cək Duhəndir.

Hər halda, hadisələrin bundan sonrakı inkişafından asılı olmayaraq, bütün bunlar mövsümün qalan yarışlarına marağı daha da artıracaq, hətta sabah Kimi Antonelli Formula1 tarixinin ən gənc dünya çempionu olsa belə.

, , ,